az
en
Bu gün: 28 Mart 2017
Vitrin 178
178№-li vitrində müstəqil Azərbaycan Cumhuriyyətinin bayrağı və digər dövlətçilik rəmzləri nümayiş etdirilir. Azərbaycan Cumhuriyyətinin ilk Dövlət bayrağı xalis qırmızı rəngdə olmuş, üzərində aypara və səkkizgüşəli ulduz həkk edilmişdir. 1918-ci il noyabrın 9-da dövlət bayrağının dəyişdirilməsi haqqında qərara əsasən (surəti vitrinin sol tərəfində divardan asılmışdır) mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət milli bayraq qəbul edildi. Bu bayraq 1920-ci il aprel işğalından sonra ləğv edilsə də,  xalqın istiqlal mübarizəsində böyük rol oynadı. 1991-ci ildən üçrəngli bayraq yenidən dövlət bayrağı kimi bərpa olundu. Vitrindəki bu üçrəngli bayrağı Məmməd Əmin Rəsulzadə və həyat yoldaşı öz əlləri ilə Türkiyədə mühacirətdə olduqları dövrdə tikmişdilər. Bayrağı onun həmkarı 1992-ci ildə Bakıya gətirmiş, Müsavat partiyasına təqdim etmiş, partiya isə həmin bayrağı daimi saxlamaq üçün Muzeyə təhvil vermişdir. Digər bir dövlət rəmzi olan, musiqisi böyük bəstəkar Üzeyir Hacıbəyova məxsus milli  marş Azərbaycan Cümhuriyyətinin himni  kimi qəbul edilmişdi. Bu himnin surəti də vitrində nümayiş olunur.

Erməniləri dəstəkləyən Sovet Rusiyası Azərbaycanda mövcud durumun sabitliyini pozmağa çalışır, işğalçı yürüş üçün əlverişli şərait gözləyirdı. 1920-ci il martın 22-də Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün qərb sərhədi boyunca genişmiqyaslı hücuma keçdi. Ağır döyüşlərdə Azərbaycan ordusu düşməni geri oturdub məğlub etdi, lakin bunun üçün qoşunların böyük hissəsini cəlb etmək lazım oldu. Sovet Rusiyası Bakı və ölkənin şimal sərhəddindəki qoşunların sayının azalmasından istifadə edərək,  1920-ci il aprelin 26-dan 27-nə keçən gecə 70 minlik qoşunla Azərbaycana soxuldu. Parlament ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün, silahlı qüvvələrin, dövlət aparatının saxlanılması şərti ilə hakimiyyəti yerli bolşeviklərə təhvil vermək qərarını qəbul etdi. Bolşeviklər bütün şərtləri yerinə yetirəcəklərinə söz versələr də, işğal baş tutan kimi  şərtlər pozuldu.  Azərbaycanın müstəqlilliyinə 71 illik fasilə verildi.

 
   
Elanlar