az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 170

1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının Tiflisdə keçirdiyi iclasda Məmməd Əmin Rəsulzadə sədr seçilməklə Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi. Milli Şura 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Cumhuriyyət hökuməti öz hakimiyyətini Azərbaycanın bütün ərazisində bərqərar etdi, ordusunu və dövlət təsisatlarını qurdu. Beynəlxalq aləmdə özünü təsdiqləyən Azərbaycan Cumhuriyyəti Paris sülh konfransında de-fakto tanındı, bir çox ölkə ilə diplomatik əlaqələr yaratdı. 1918-ci il noyabrın 20-də Milli Şura Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qanuna əsasən, Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ təsbit edildi.  1918-ci il dekabrın 7-də parlament öz işinə başladı. Yeri gəlmişkən, hələ 20-ci illərin əvvəlində muzeyimizin fondlarında qorunan  parlamentin bütün sənədləri (o cümlədən iclaslarının protokolları), habelə Azərbaycan Cumhuriyyətinin ilk bayrağı, «İstiqlal» bəyannaməsinin əsli, hərbi hissələrin bayraqları və s. qiymətli material 1929-cu ildə xüsusi göstərişlə Moskvaya, orada yeni yaradılan İnqilab Muzeyinə göndərildiyi üçün hal-hazırda Muzeyimizdə Azərbaycan Respublikası tarixinin olduqca mühüm-ilk dövrünə aid çox cüzi material qalmışdır.

Zala girişin sağındakı divardan asılmış panel Azərbaycan Parlamentinin fəaliyyətinə həsr olunmuş məlumat və fotoşəkilləri əks etdirir.

Onun yanındakı stenddə Cümhuriyyət rəhbərlərinin, Nazirlər Şurasının I-IV hökümətlərinin fotoşəkilləri asılmışdır.

Onun yanında kı digər stenddə isə Azərbaycanın həmin dövrdə nəşr olunmuş xəritəsi asılmışdır.

170№-li vitrində Məmməd Əmin Rəsulzadənin “Acı həyat” kitabı ilə yanaşı, “Açıq söz” idarəsinin Bakıda 1918-ci ildə nəşr etdirdiyi “Şəkli idarə haqqında iki baxış (iki cür hökümət)” kitabçası təqdim olunmuşdur. İkinci kitabçada müsəlmanların Moskvada keçirilən qurultayında Məmməd Əmin Rəsulzadə və Əhmədbəy Salikov tərəfindən oxunmuş və biri-birinə zidd iki dünya görüşünü əks etdirən məruzələrin mətni verilmişdir. Vitrində Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun imzası olan sənəd, Milli Şuranın  və parlamentin işinə, onun üzvlərinə aid digər eksponatlar da qoyulmuşdur.  

1918-ci il 5 oktyabr tarixli qərarla Azərbaycan hökuməti neft sənayesi, ticarət donanması, həmçinin neftin çıxarılması və emalı ilə bağlı bütün müəssisələri əvvəlki sahiblərinə qaytardı. Respublikanın iqtisadi durumunu sabitləşdirmək mümkün oldu. 1919-cu ilin sentyabrında Dövlət Bankı açıldı, respublikanın öz milli valyutası dövriyyəyə buraxıldı, gömrük xidməti təşkil edildi. Həmin vitrində Azərbaycan Cumhuriyyətinə məxsus pul və poçt markalarının nümunələri qoyulmuşdur. Cümhuriyyətini xarici ölkələrlə əlaqəsini təsdiqləyən Azərbaycan vətəndaşının xarici “təzkirə”si-pasportu nəzəri xüsusi cəlb edir.

 

 

   
Elanlar