az
en
Bu gün: 29 May 2017
Vitrin 169

1918-ci il mayın 26-28-də Cənubi Qafqaz xalqlarının tarixində taleyüklü hadisə baş verdi. Mayın 26-da Gürcüstanda, mayın 28-də isə Azərbaycan və Ermənistanda demokratik respublikaların qurulması elan edildi. Bir neçə gün sonra, iyunun 4-də imzalanmış müqaviləyə əsasən, Türkiyə yenicə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinə hərbi kömək göstərməyi öz boynuna götürdü. Osmanlı dövlətinin görkəmli sərkərdələrindən olan Nuru paşanın komandanlığı ilə Azərbaycana gəlmiş türk qoşunları burada azərbaycanlı general Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan hərbi hissələri ilə birləşdirildi və beləliklə Qafqaz İslam Ordusunun əsası qoyuldu. Məhz bu ordu Azərbaycanı bolşevik-erməni təhlükəsindən qurtardı. 169№-li vitrində Qafqaz İslam Ordusunun azadlıq yürüşünü əyani surətdə təsdiqləyən əşyalar nümayiş etdirilir. Azərbaycan dövlətinin o dövrdə öz təltif nişanları olmadığı üçün Qafqaz İslam Ordusu tərkibində vuruşmuş Azərbaycan hərbiçiləri Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. 18 azərbaycanlı zabit «Məcidi Nişanı»na və «Hərbi Medal»a (№2) layiq görülmüşdülər. Bu medalların nümunəsi həmin vitrində nümayiş olunur.

Azərbaycanda 1918-ci il mayın 28-dən dövlət müstəqilliyi elan edilsə də, Bakı hələ də S.Şaumyanın başçılıq etdiyi bolşevik hökumətinin əlində idi. Bakı uğrunda ən qızğın döyüşlərin bir qismi Qurd qapısı və Yasamal təpələrində olmuşdur.  Həmin vitrində  nümayiş etdirilən əşyaların bir qismi bu ərazilərdən tapılmış silah və sursat qalıqlarıdır (№6). Vitrinin daha bir maraqlı eksponatı arxa divardan asılmış, üzərində Osmanlı sərkərdələri və siyasi xadimlərinin  təsvirləri olan Qarabağ xalçasıdır. Xalça 1916-cı il fotoşəkli əsasında 1918-ci ildə Qafqaz İslam Ordusu şərəfinə Qarabağda toxunmuşdur.

 
   
Elanlar