az
en
Bu gün: 26 Aprel 2017
Vitrin 156
Bu zal XX əsrin başlanğıcında Azərbaycanda başlayan inqilabi hərəkata həsr olunmuşdur. O dövrdə Rusiya imperiyasını bürümüş iqtisadi böhran Azərbaycana da ağır zərbə vurmuşdu. Yüzlərlə müəssisənin bağlanması nəticəsində fəhlə tətilləri başlandı. İqtisadi tələblərlə bərabər ilk dəfə siyasi tələblər irəli sürüldü. Bakıda ilk açıq nümayiş 1902-ci ilin aprelində keçirildi. 1903-cü il iyulun 4-də Bakıda ümumi tətil başlandı və tətil komitəsi təşkil edildi. Zaldakı  156№-li vitrinin üst qatında inqilabi “Pravda” və “İskra” qəzetlərinin nüsxələri, II Nikolay tərəfindən konstitusiyanın elan edilməsi haqqında “Baku” qəzetinin teleqramı (18.10.1905) təqdim olunmuşdur. Həmin vitrində tətil komitəsinin üzvlük vəsiqəsi, 1904-cü il dekabrın 13-də Bakıda başlayan neft mədənləri fəhlələrinin tətilində irəli sürülən ümumi tələbləri əks etdirən sənəd də vardır. Vitrində nümayiş olunan neft sənayeçiləri ilə fəhlələr arasında bağlanan kollektiv müqaviləyə görə fəhlələr 9 saatlıq iş gününə, ayda dörd dəfə istirahət, ildə bir dəfə məzuniyyət, xəstəliklə əlaqədar müavinətlərin verilməsinə, əmək haqqının artırılmasına və s. nail oldular.

İranda 1905-1911-ci illər inqilabı dövründə Cənubi Azərbaycan onun əsas mərkəzlərindən biri idi. Həmin vitrinin ikinci qatında Cənubi Azərbaycanda fəaliyyət göstərən «Tudə» partiyasının üzvlük haqlarının ödənməsi vərəqələri, Səttərxanın şərəfinə buraxılmış medallar numayiş etdirilir.

XX əsrin əvvəllərində artmaqda olan siyasi mübarizənin güclənməsinin qarşısını almaq məqsədilə Rusiya imperiyası millətlərarası ədavəti qızışdırdı. Hökumətin bu siyasətinin həyata keçirilməsində «Daşnaksütun» erməni partiyasının xüsusi rolu olmuşdur. 1905-1906-cı illərdə irticaçı qüvvələrin təhriki ilə Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada tarixə I erməni-müsəlman davası adı ilə daxil olmuş qanlı  toqquşmalar baş vermiş, erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törətmişdilər. Bununla belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər. Həmin hadisələrlə bağlı vitrində V.A.Staroselskinin «Qafqaz dramı» («Kavkazskaə drama», Sankt-Peterburq, 1906)  kitabı, Azərbaycan özünümüdafiə dəstələrinin üzvlərindən olan qoçu Mustafa Tağı oğlunun tapançası, erməni-müsəlman toqquşmaları ilə bağlı Bakı qubernatoru Nakaşidzeyə ünvanlanmış məktub nümayiş olunur. Vitrinin aşağı qatında inqilabçı Həmid Əliyevə məxsus,  gizli inqilabi ədəbiyyatın daşınmasında istifadə edilən sandıq qoyulmuşdur.

   
Elanlar