az
en
Bu gün: 23 Noyabr 2017
Vitrin 152
Zaldakı   152№-li böyük vitrində dövrün tanınmış  din xadimi, maarifçi ruhani, ictimai həyatda fəal iştirak edən Şeyxülislam Axund Molla Ağa Əlizadəyə məxsus dini atribut - əba nümayiş olunur. O, 1905-ci ildə erməni daşnaklarının müsəlman əhaliyə qarşı soyqırımının qarşısının alınmasında böyük  fəallıq göstərmiş, 1918-ci ildə Azərbaycanın müstəqillik qazanmasını ruh yüksəkliyi ilə qarşılamışdır. Həmin vitrində mədəniyyət və din xadimi Hüseyn Əfəndi Qayıbzadəyə məxsus əşyalardan əlçin və bürünc otaq zəngi, təsbeh, qızı Nigar xanım Şıxlinskayaya bağışladığı «Quran» və Quran qabı da  nümayiş etdirilir. Ömrünün sonuna kimi Cənubi Qafqazın müftisi vəzifəsində çalışmış Hüseyn Əfəndi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb etmiş, dini islahatlar keçirilməsini zəruri saymışdı. «Vəsiyyətnamə»sində yazırdı: «Bütün insanlar mənşəcə eyni xilqətdən yaranıb, insan məxluqu başqa millətlərə rəğbət bəsləməlidir». Həmin vitrində məscidlərdə asılan dini bayraqlar (№8-9), fransız dilinə tərcümə edilmiş Quran (№4), kitablar üçün dayaq olan rəhillər (№7), dini mərasimlərdə (aşurada) istifadə edilən ələm və zəncir (№10-11) qoyulmuşdur. Burada Rəşidbəy Əfəndiyevin «Müsəlman qadınının şəriətə görə ictimai və ailə vəziyyəti» kitabı (1914 il), Şeyxülislam tərəfindən imzalanmış doğum şəhadətnamələri, Hüseyn Əfəndi İsmayıl Əfəndizadəyə məxsus «Şəriət dərsliyi» kitabı (1903 il) da nümayiş olunur. Divardakı paneldə isə iki güləbətin tikməli məxmər üzərində Quranın «İxlas» surəsi, aşağıda isə «Maşallah» sözləri yazılmışdır.

   
Elanlar