az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 128
Zala girişin sol tərəfindəki paneldə Azərbaycanın daxili ticarətində mühüm rol oynayan, şəhər və kəndlərdə fəaliyyət göstərən həftə bazarlarının fotoşəkilləri verilmişdir. Əsasən cümə günləri işləyən bu bazarlara ətraf kəndlərdən müxtəlif məhsullar, mal-qara gətirilirdi. Şəhərlərdə yarmarkalar təşkil olunurdu. Bakı, Yelizavetpol və Ağdaş bazarları daha məşhur idi.

XIX-XX əsrin əvvəllərində Azərbaycanın xarici ticarətinin əsas istiqamətini Rusiya quberniyaları, həmçinin İran, Avropa və bir çox Şərq ölkələri ilə ticarət əlaqələri təşkil edirdi. İxracatda əsas yeri neft, ipək, pambıq, yun, tütün və s. xammal məhsulları tuturdu. Xaricdən isə Azərbaycana yüngül sənaye malları gətirilirdi. Sağdakı 128№-li vitrində Azərbaycanda dövriyyədə olan kağız pul və markalarla yanaşı tərəzi və möhürlər,  ticarət və sənayenin inkişaf etdirilməsində nailiyyətlərə görə medallar nümayiş etdirilir.Vitrində, Azərbaycana Rusiyadan gətirilən mallar, o cümlədən samovar, Kuznetsov fabrikinin möhürü olan çay dəsti, üzərində rus çarı I Aleksandrın şəkli olan çini fincan və nəlbəki də qoyulmuşdur. Bürüncdən olan samovar Almaniya istehsalıdır. Burada XIX əsr Fransa istehsalı olan çini nimçə, vaza,  İngiltərə istehsalı olan ağ neft lampası, İtaliya istehsalı olan şamdan da qoyulmuşdur. Şərq ölkələrinin malları sırasında Türkiyə istehsalı olan mis qəhvədan, Çin istehsalı olan çini nəlbəki, kasa, qələmdan, üzərində İran şahı Nəsrəddin şahın adı yazılmış saxsı nimçə, kasa, xorxor qəlyan, Hindistanda istehsal olunmuş otağı ətirləndirmək üçün qab nümayiş olunur.

   
Elanlar