az
en
Bu gün: 14 Dekabr 2017
Vitrin 38

Arxeoloji qazıntılar zamanı tapılan kömürləşmiş buğda və daşlaşmış un qalıqları Azərbaycanda əkinçiliyin inkişaf etdiyini göstərir. 38№-li vitrindəki material antik və ilk orta əsrlər təsərrüfatına həsr olunmuşdur. Mingəçevirdəki quyuların birindən 15 kiloqram un qalığı, qabların birindən isə buğda unundan yoğrulmuş xəmir qalığı tapılmışdır. Əkinçiliklə bərabər ölkədə bağçılıq və bostançılıqla da məşğul olunurdu. Arxeoloji qazıntılar zamanı tapılmış daşlaşmış qoz qalığı bunu bir daha sübut edir.

Antik və ilk orta əsrlərdə əhali köçmə maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə - yaylağa qaldırır, qışda düzənliklərə - qışlağa endirirdilər. Süddanvari qablar Qafqaz Albaniyası üçün səciyyəvi sayılır. Bu qabların maye tökülən yeri quş dimdiyinə bənzədiyi üçün usta bəzən qabın ağzının hər iki tərəfində göz qoyurdu. Qabların qulpları əvvəllər arxada, sonralar isə mayenin rahat tökülməsi üçün sağ tərəfdə düzəldilirdi. Bəzən onlara süzgəc də qoyulurdu. Mingəçevirdə ilk süddanvari qablar skif qəbirlərində tapılmışdır. Sonralar onların istehsalı kütləvi şəkil almışdı.

   
Elanlar