az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 30

Şimali Azərbaycan ərazisini əhatə edən, antik mənbələrdə Albaniya adlanan dövlətə ( e.ə. IV- b.e. 705-ci il) həsr olunmuşdur. İlk dəfə yunan-Roma mənbələrində adları çəkilən Atropatena və Albaniya dövlətləri azərbaycanlıların bir xalq kimi formalaşmasında və dövlətçilik tariximizdə mühüm rol oynayıb. Antik Atropatenanın əsas şəhəri Qazaka, Albaniyankı isə b.e. V əsrinədək Qəbələ idi. Sasanilərin İran ərazisində hakimiyyətə gəlməsi ilə (b.e. III -VII əsrlər) Atropatena müstəqilliyini itirərək, Sasanilər imperiyasının vilayətlərindən birinə çevrilsə də, vassal asılılıqda qalan Albaniya dövlətçiliyini saxlayır.    Antik mənbələrə görə e.ə. I əsrdə albanların 60 min piyada, 22 min süvari, Atropatenanın isə 40 min piyada, 10 min süvari qoşunları vardı. Albaniyada nizəatan və oxatan dəstələr olmuş, döyüşçülər zireh geymiş, uzun dördkünc-qalxanlardan istifadə etmiş, başlarına dəbilqə qoymuşlar. Arxeoloji qazıntılar zamanı, aşkar olunmuş albanlara məxsus çoxlu sayda dəmir qılınc, xəncər, nizə, ox ucluqları və digər silahlar, at əsləhələri də 30№-li vitrində qoyulmuşdur. Vitrinin arxa divarındakı makrofotoda alban döyüşçüsü təsvir olunmuşdur. Həmin vitrinin mərkəzində nümayiş etdirilən tunc dəbilqə (№4) alban abidələrindən az tapılan dəbilqədir. Belə dəbilqələrdən Qəbələdə aşkar olunmuş biri də Muzeyin Arxeologiya Fondunda saxlanılır. Ağsuda Nüydi abidəsindən tapılmış birinci dəbilqənin qabaq tərəfində zərbə izi vardır. Bu cür metal dəbilqəyə yumşaq (keçə, dəri və s.) astar çəkilirdi. Dəbilqənin ortasında at tükü keçirmək üçün boru düzəldilmişdir.

Böyük iqtisadi potensiala malik olan antik Azərbaycan dövlətləri - Atropatena və Albaniya, e.ə. III əsrdən başlayaraq, öz xüsusi pul vahidlərini - gümüş sikkələrini zərb edirlər. 30№-li vitrində kiçik küpün içindən tökülən sikkələr (№15) dəbilqənin tapıldığı ərazidəki dəfinədəndir. E.ə. III-I əsrlərdə Albaniyanın paytaxtı Qəbələ şəhərində kəsilmiş bu sikkələrin arasında Makedoniyalı İsgəndərin gümüş tetradraxmaları, Selevkiya, Parfiya və Romanın pulları da nümayiş etdirilir.

 

   
Elanlar