az
en
Bu gün: 27 Mart 2017
Vitrin 23

Qədim mənbələr tarixi Azərbaycan ərazisində ilk dövlət qurumları və dövlətlərin yaranmasını e.ə. IX əsrə aid edir. Hələ e. ə. III-II minillikdə Azərbaycan ərazisində yaşayan kutilər, lullubilər, turuqqilər, hurrilər və b. Mesopotamiyada yerləşən Şumer, Akkad, Assur, eləcə də Kiçik Asiya ərazisindəki dövlətlərlə qarşılıqlı əlaqədə idilər. İlk dəfə e.ə. 843-cü ildə aşşur mənbəyində adı çəkilən Manna (Munna) cənubda Diyala və Kiçik Zab çaylarınadək, şərqdə Xəzər dənizinədək, qərbdə Urmiya gölünədək, şimalda bir çox hallarda indiki Naxçıvan ərazisi də daxil olmaqla Araz çayınadək ərazini tuturdu. Paytaxtı Urmiya gölü yanındakı İzirtu şəhəri idi. Demək olar ki, bütün tarixi boyu bu dövlət Qədim Şərqin qüdrətli dövlətləri olan Assuriya və Urartuya qarşı mübarizə aparmalı olmuşdu. Azərbaycan ərazisində tapılmış tunc və dəmir nizə ucluqları, ox ucları, toppuz, xəncər qını, Assuriya tipli tunc at gəmi və divarda makrofotosu verilmiş Urartu tipli silindrik möhürlər bu dövrə aiddir.

Azərbaycan ərazisində yaşamış və tariximizdə iz qoymuş tayfalar içərisində kimmer, skif (iskit, işkuz) və sak tayfalarının özünəməxsus yeri vardır. E.ə. VII əsrin birinci rübündə bu tayfaların bir hissəsi qədim Azərbaycan ərazisində məskunlaşmışdı. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodotun məlumatından görünür ki, elə həmin dövrdə burada Skif çarlığı yaranır. 23№-li vitrində təqdim olunan və Azərbaycanın bir çox bölgəsindən (Mingəçevir, Naxçıvan, Xocavənd, Şəki və s.) tapılan tunc toqqa başlıqları, sümükdən at qaytarğanları, tunc tur fiquru, skif tipli ox ucları, gümüş cam, tunc güzgü və s. əşyalar skif maddi mədəniyyətinin nümunələridir. Ədəbiyyatda “heyvani üslub” adlanan üslubla yerinə yetirilmiş bu əşyalarda müxtəlif heyvan təsvirləri üstünlük təşkil edir. Dərbənddə tapılmış toqqa başlığı vaxtılə kəməri və ya ox və kaman qabını bəzəyirdi. Tədqiqatçıların fikrincə “heyvani üslub” hakimiyyətin hərbi elitaya məxsus olduğu cəmiyyətlər üçün xarakterik olmuşdur.

E.ə. VI əsrdə Azərbaycan ərazisi Midiya, daha sonra İran Əhəməni imperiyasının tərkibinə qatılır. Vitrində nümayiş etdirilən, Qaratəpə (Beyləqan) və Dolanlarda (Xocavənd) tapılan tunc və gil camlar Əhəməni imperiyasının hakimiyyəti dövrünə aiddir.

E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni imperiyasına son qoyur. Üç il sonra, onun ölümü ilə, öz imperiyası da parçalanır və tarixi Azərbaycan ərazisinin cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri təşəkkül tapır. Vitrində, həmçinin, Atropatena dövrünə aid Qaraköbərdə (Ağcabədi) və Şortəpədə (Bərdə) tapılmış boyalı dopu və küpə, eləcə də Atropatilər sülaləsindən Dariyə məxsus gümüş drahma nümayiş olunur.

 

 

 

   
Elanlar