az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 21
21№-li vitrində son tunc-ilk dəmir dövrünün dini mərasim və ayinlərində istifadə edilən saxsı məmulatı nümayiş etdirilir. Ayaqqabı formalı gil qab (№7) Mingəçevirdə torpaq qəbirdən aşkar olunmuşdur. Maraqlıdır ki, bu cür qablara yalnız qəbirlərdə rast gəlinir. Tədqiqatçılar bunu dəfn ayini sayır, ölünü «o biri dünyaya» yola salmaq və ona «yaxşı yol» arzulamaq məqsədi daşıdığını güman edirlər. Müxtəlif quşları təsvir edən nəfis zoomorf su qabları da bu dövrdə geniş yayılmışdır. Qabların üstünə müxtəlif naxışlar vurulmuşdur. Onların magik xarakteri vitrində təqdim olunan iki qabın üstündə ayrıca olaraq ay və günəşin təsvir olunması ilə təsdiq edilir. Vitrinin arxasındakı makrofotoda Saritəpə abidəsində (Qazax) aşkar edilmiş möhürlərdən (pintader) birinin böyüdülmüş əksi verilmişdir.
    Zalın sonunda Azərbaycanda Mingəçevir ərazisində 1946-1953-cü illərdə fasiləsiz aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan abidələrin stratiqrafiyası verilmişdir. Abidədəki mədəni təbəqələr Mingəçevirdə yaşayışın ilk tunc dövründən son orta əsrlərə qədər davam etdiyini təsdiqləyir. Mingəçevir abidəsinin arxeoloji stratiqrafiyası Azərbaycanın maddi və mənəvi mədəniyyətinin əsrlər boyu nəsildən-nəsilə keçdiyini, irsiliyin qorunduğunu aydın göstərir.

 

 
Elanlar