az
en
Bu gün: 27 Mart 2017
Vitrin 19
Zala girişin sağ divarının sonuncu taxça vitrinində (№19) şüşə arxasında son tunc ilk dəmir dövrünə aid torpaq qəbirin içəriçi nümayiş olunur. Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən bu qəbir bir qadına məxsusdur. O dünyada ölünün yenidən diriləcəyinə inanan insanlar onun yanına məişət qabları və bəzək əşyaları ilə bərabər (kişilərin qəbirinə silah da qoyulurdu) bəzən magik qüvvəyə malik tısbağa da qoyurdular. Maraqlıdır ki, tısbağanın qalıqlarına Azərbaycanda digər yerlərdə (məs. Abşeronda) olan qəbirlərdə, katakombalarda, kurqan qəbirlərində məzarın küncündə rast gəlinir. Qədim Çində əbədiyyət rəmzi olmuş tısbağa qədim türklərin qəbir əşyaları sırasında da olub. Qədim türklərin çinlilərdən götürdükləri bu adət onlardan Azərbaycana da keçmişdir.
Zalın başındakı iki vitrində (№20 və 21) son tunc ilk dəmir dövrü bəzəkləri, eləcə də mərasim və ayinlərdə istifadə edilən müxtəlif təyinatlı saxsı (keramik) qablar nümayiş olunur. Qadın bəzəkləri cavan qız manekeni üzərindədir. Onun alnını tunc cütqabağı, saçlarını sancaq və xüsusi saç boruları, boynunu müxtəlif asmalar, muncuqlar, qolunu qolbaqlar, barmağını üzük bəzəyir. Dövrün mahir ustalarının hazırladıqları bu və vitrində təqdim olunan digər bəzək əşyaları əsl incəsənət əsərləridir. Onlar Mingəçevir, Çovdar və Xaçbulaq (Daşkəsən), Dolanlar (Xocalı), Uzuntəpə (Cəlilabad), Qızılburun (Naxçıvan), Dolanlar (Xocavənd) abidələrində aşkar olunmuşdur. Metalişləmə sənətinin daha da yüksəldiyi, dəmirin kəşfi ilə cəmiyyətdəki ictimai-iqtisadi inkişafın daha da sürətləndiyi bu dövrdə. Mesopotamiya və Misirlə intensiv əlaqələr olmuşdur. Bunu Xocalıda tapılmış və üstündə mixi yazısı ilə assur dilində ölkənin hökmdarlarından olan Adadnirarinin adı yazılmış muncuq da (əsli Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyində saxlanılır) təsdiq edir.

 
   
Elanlar