az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 11
Azərbaycan tarixşünaslığına boyalı qablar mədəniyyəti adı ilə də daxil olmuş orta tunc dövrünün (III-II minilliklər) spesifik cizgilərə malik saxsı məmulatı nümunələri 11№-li vitrində nümayiş edilir. Qırmızı və qara rənglə boyanmış, əlvan naxışlı məşhur Şahtaxtı (Naxçıvan) küpü qədim əkinçilik mədəniyyətinin xarakter nümunəsi kimi ekspozisiyada özünəməxsus yer tutur. Həmin vitrində nümayiş olunan Qaracəmirli (Şəmkir) küpü diqqəti xüsusilə cəlb edir. Azərbaycan ərazisində yaşayan qədim tayfaların dünyagörüşündən xəbər verən təsvirlərlə naxışlanan bu küp, görünür, xüsusi mərasim və ayinlər üçün nəzərdə tutulmuşdu. Onun üzərində hakimiyyət rəmzi olan maral buynuzu, günəş rəmzi olan svastika, sonralar «çərxi fələk» ifadəsində qalmış, sonsuzluq, əbədiyyət rəmzi olan çarx və s. təsvir olunmuşdur. Bu dövrün nisbətən sadə təsvirli qablarında nəqş olunan zamanın sonsuzluğu və ölməzliyi mənasını verən spiralvari xətt də geniş yayılmışdı.
Vitrindəki bu dövrə mənsub tunc qılınc, xəncər və nizə ucluğu (Qaracəmirli) tayfalar arasında hərbi münaqişələrin artdığını təsdiq etməklə yanaşı yerli metalişləmə sənətinin uğurları haqqında da məlumat verir. Bunların yanında yerləşdirilən hakimiyyət rəmzləri olan maral, aypara formalı təbərzin tuğ-bayraq kimi tayfa başçısının əlində olur və ya döyüş arabasına sancılırdı (Küdürlü-Şəki və Qaracəmirli).
Bu vitrində nümayiş olunan və Qaracəmirlidən tapılmış orijinal formalı - başı begemota bənzəyən, bədəni isə şir olan at gəmləri və qaytarğanlar atın və ya at qoşulmuş arabanın bacarıqla idarə olunmasını təmin edirdi. At əsləhəsi içərisində yüyəni bərkitmək üçün istifadə olunan qızıl düymə də vitrindəki qiymətli eksponatlardandır.
Bu vitrində maraq doğuran şişman sifətli daş heykəlcik (№2) Bakı arxipelaqının Səngi-Muğan adasının sahilində tapılıb. Analoqu daha çox Orta Asiya və Sibirdə aşkar edilən bu cür heykəlciklər həmin yerlərin insanları ilə qədim Azərbaycan tayfaları arasında mümkün qarşılıqlı əlaqələr haqqında mülahizə yürütmək imkanı verir.

 

Elanlar