az
en
Bu gün: 25 Iyul 2017
Vitrin 10
İlk tunc dövrünə aid (Təpəyatağı-Xudat, Babadərviş-Qazax, Xınıslı-Şamaxı, I Kültəpə və b.) eksponatlar nümayiş olunur. Kür-Araz mədəniyyətinə xas olan spesifik xüsusiyyətli - yumru, yarımşar formalı və çox halda öküz burnuna oxşar qulplu, müxtəlif ölçülü və təyinatlı saxsı qablar bu vitrində üstünlük təşkil edir. Qazıntılar zamanı aşkar olunan çoxsaylı ocaqlarda və ya külü qalmış ocaq yerlərində tapılan sacayağılar da öküz buynuzu formasındadır. Vitrində nümayiş olunan gil öküz fiqurlarının (I Kültəpə, Babadərviş), qəbirlərdə öküz sümüklərinin tapılması da maldarlıq və əkinçiliyin intişar tapdığı Azərbaycan ərazisində çox güman, məhsuldarlıq rəmzi kimi ifadə olunan öküz kultunun geniş yayıldığını göstərir. Vitrinin mərkəzində qoyulmuş iri daş həvəngdəstə və bitki qalığı (I Kültəpə) qədim əkinçilik mədəniyyətinə aiddir. Sağ tərəfdə (№4) təqdim olunan (I Kültəpə) gil suvaq parçası üzərindəki qamış izi dövrün tikinti texnikası haqqında məlumat verir. Vitrində bu dövr abidələrindən (Şəki) aşkar edilən, yeni mədəniyyətə mənsub tunc bıçaqla yanaşı çaxmaqdaşı və dəvəgözündən çoxsaylı ox ucluqları, eləcə də daş balta da nümayiş olunur. İlk tunc dövrünə mənsub, Naxçıvandan tapılmış qayıqvari dən daşı ekspozisiyanın maraqlı abidəsidir.

   
Elanlar