az
en
Bu gün: 12 Dekabr 2017
Vitrin 6-7
Eneolit dövrü (e.ə. 6-4 minilliklər) abidələrindən tapılmış müxtəlif əşyalar nümayiş edilir. Azərbaycanın demək olar bütün bölgələrində geniş intişar tapmış 150-dən artıq eneolit abidəsində oturaq əkinçi və maldar tayfalarının məskənləri olmuşdur. Vitrinlərin arxasına vurulmuş makrofotolarda həmin dövrə məxsus dairəvi möhrə ev tipləri əks etdirilmişdir. Toxa əkinçiliyinin mövcud olduğu bu dövrdə yerin şumlanılması üçün əsasən sümük toxalardan istifadə edilirdi. Vitrində Qarğalartəpəsi (Qazax) və I Kültəpədən (Naxçıvan) tapılan toxalar nümayiş olunur. Qazax rayonundakı Şomutəpə abidəsindən tapılan sümük və daşdan düzəldilən quraşdırma oraq (№4) vitrində nümayiş etdirilən ən maraqlı eksponatlardandır. Bu oraq təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda aşkar olunan ən qədim biçin alətidir. Həmin vitrində bununla yanaşı nümayiş etdirilən və eneolit məskənlərindən tapılan buğda qalıqları (I Kültəpə Naxçıvan), dən daşları, böyük daş həvəngdəstələr qədim azərbaycanlıların inkişaf etməkdə olan əkinçilik mədəniyyətindən xəbər verir. Vitrində nümayiş etdirilən və Azərbaycanın eneolit abidələrindən (Şomutəpə, Qarğalartəpəsi, Töyrətəpə, I Kültəpə, Xaçbulaq) tapılan daş toppuz, çaxmaqdaşı və mis ox ucları ovçuluğun hələ də geniş yayıldığını göstərir. Dövrün insanlarının məişətdə istifadə etdikləri sümük iynə və bizlər, isgənə və çəkiclər, eləcə də bəzək əşyaları həmin  abidələrdən aşkar olunmuşdur.
Neolit-eneolit dövrləri insanlarının ən mühüm nailiyyətlərindən biri də arxeoloqların Azərbaycan ərazisindəki abidələrdən aşkar etdikləri müxtəlif təyinatlı gil qablardır. 7№li vitrində nümayiş etdirilən, Əliköməktəpə (Cəlilabad) və I Kültəpədən (Naxçıvan) tapılan iri təsərrüfat küpləri, gil qazanlar və küpələr dövrün hələ ki, primitiv dulusçuluğundan xəbər verir.
Ekspozisiyanın bu güşəsində təqdim olunan ən maraqlı tapıntılarından biri - Mesopotamiyaya aid məşhur Xələf mədəniyyətinə məxsus boyalı çölməkdir. Arxeoloqların (I Kültəpədən) aşkar etdikləri, qədim Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasındakı mövcud əlaqələri təsdiqləyən həmin qab tərkibində qum qatışığı olan gildən hazırlanmışdır. Çox səliqəli və daha yüksək texnika ilə hazırlanmış, yaxşı bişirilmiş bu qabın üstündəki naxışların magik xarakter daşıması ehtimal olunur.
Dini inanclarda əcdadlara sitayişin də mühüm yer tutduğu bu dövrdə insanları bədnəzərdən və bəd ruhdan qorumaq məqsədi ilə müxtəlif qoruyucu amuletlərdən istifadə olunurdu. Vitrindəki daş, sümük, pasta və əqiqdən düzəldilmiş bəzək əşyaları, mis sancaq, qaban dişindən asmalar bəzək əşyası olmaqla yanaşı amulet funksiyası da daşıyırdılar (I Kültəpə və Qarğalartəpəsi).
Vitrinin görkəmli yerində Qazax rayonundakı Qarğalartəpəsi abidəsindən tapılmış gil qadın fiquru nümayiş etdirilir. Başsız və qolsuz, ayaqları bitişik, yarıoturmuş vəziyyətdə düzəldilmiş bu heykəlciyin boyun hissəsindəki dalğavari xəttlər açılmış saçlara bənzəyir. Alimlərin fikrincə, dövrün incəsənətinin məhsulu olan bu fiqur magik məqsəd daşıyır və saçlarını açıb-tökərək yağışın yağması üçün müsəllaya çıxan qadını əks etdirir.
Zalın ara sütunlarındakı stendlərdə ekspozisiyanın bu hissəsində nümayiş olunan ən qiymətli eksponatlar, onların tarixi və dövrü haqqında azərbaycan, ingilis və rus dillərində məlumat verilmişdir.


   
Elanlar