az
en
Bu gün: 18 Noyabr 2017
Ana səhifə    2011-ci ilin Hesabatı
2011-ci ilin Hesabatı

 

 

Azərbaycan Milli Elmlər Akademiyası

Milli Azərbaycan Tarixi Muzeyinin 2011-ci ildə gördüyü

elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin

H e s a b a t ı

2011-ci ildə təsdiq olunmuş plana əsasən Muzeyin əməkdaşları 21 mövzu üzərində çalışmış və həmin mövzuları əhatə edən 21 işi yerinə yetirmişlər. Cari ildə planda nəzərdə tutulmuş 6 mövzu tamamlanmışdır.

 

 

  I Problem  “Azərbaycan xalqının qədim dövrdən bu günə qədərki tarixini əks etdirən maddi və mənəvi mədəniyyət nümunələrinin muzeyin ekspozisiyasında və sərgilərdə nümayişi və təbliği”dir.

  Bu problem üzərində muzeyin bütün elmi əməkdaşları çalışmışlar: Azərbaycanın  qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrləri tarixini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyanın təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində bir sıra işlər görülmüşdür. Qədim dövrdən XX əsrin 20-ci illərinədək böyük zaman kəsiyini əhatə edən mövcud ekspozisiyanın təkmilləşdirilməsi məsələsi dəfələrlə Elmi Şurada müzakirədən keçərək bütün təkliflər nəzərə alındıqdan sonra təsdiq olunmuşdur.

Muzey üçün yeni əldə olunmuş materiallardan bəziləri müvafiq dövrləri əks etdirən zallarda yerləşdirilmişdir. Qədim və orta əsrlər dövrünü əhatə edən bölmələrdə bəzi eksponatların dəyişdirilməsi ilə paralel olaraq yeni annotasiyalar tərtib olunmuş, yeni posterlər üçün fotoşəkillər çəkilmişdir. Numizmatika və epiqrafika elmi fond şöbəsi “Azərbaycanda tapılan antik sikkə dəfinələri” xəritəsini hazırlamış, Arxeologiya elmi fond şöbəsi 20 ədəd eksponatı seçərək nümayiş üçün təhvil vermış və vitrinlərdə yerləşdirmiş, 15 ədəd eksponatı isə bərpa üçün təhvil vermişdir. Etnoqrafiya elmi fond şöbəsi 1 mərtəbədə nümayiş olunmaq üçün 1 saxlama vahidi, II mərtəbədə isə bərpa olunmuş geyim dəsti Qarabağ vitrinindəki geyimlə əvəzlənmiş, H.Z.Tağıyevin memorial muzeyi üçün Tağıyev fabrikində istehsal olunmuş parça nümunəsi təqdim olunmuşdur. Hədiyyələr və xatirə əşyaları fondu 22, Silahlar və bayraqlar fondu 19, Təsviri materiallar fondu 12, Xüsusi fond 12, Faleristika və qliptika fondu 10 ədəd materialı ekspozisiyada nümayiş olunmaq üçün təqdim etmişlər.

Yeni tarix dövrünə aid zalların bir qismi yeni materiallarla tamamlanmışdır: “XIX əsrin II yarısı – XX əsrin əvvəlində Azərbaycan neft sənayesi” adlanan zalda bu sahədəki inhisarçı kapitalın mövqeyini tam əks etdirmək məqsədilə “Nobel Qardaşları Cəmiyyəti”, “Xəzər-Qara Dəniz Cəmiyyəti”, “Mantaşev və K°” və s. aparıcı neft şirkətlərinin səhmləri qoyulmuşdu; “XIX əsrdə – XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti” zalının “Elm” hissəsinə neft hasilatının artmasına və neft emalı sənayesinin inkişafına böyük töhfə vermiş görkəmli alim və mühəndislərin fotoşəkilləri əlavə edilmişdir. Bundan başqa, ekspozisiyada görkəmli Azərbaycan alimləri A.Bakıxanov, M.Kazımbəy, Hacı Zeynalabdin Şirvani, Ağa bəy Yadigarovun fotoşəkilləri və sənədləri öz əksini tapdı. “Elm və maarif”, “Səhiyyənin inkişafı”, “Ədəbiyyat və mətbuat”, “Teatr”, “Azərbaycan I Dünya müharibəsi zamanı” vitrinlərinin məzmunu xeyli dərəcədə dəyişdirilmiş, buraya yeni fotoşəkillər, sənədlər, əşyalar artırılmış, bu da ekspozisiyanın XIX əsr – XX əsrin əvvəlində   Azərbaycan tarixi bölməsini daha əhatəli və maraqlı etməsinə imkan vermişdir. Ekspozisiyanın bu hissəsinə 59 yeni eksponat daxil edilmişdir.

Ekspozisiyanın Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bölməsində aparılan mühüm dəyişikliklər onun yenidən qurulması qənaətinə gəlmək imkanı verir. Həmin zallardan iriölçülü fotoşəkillər, Azərbaycan tarixinə birbaşa aidiyyəti olmayan sənədlər çıxarılmış, AXC tarixinə həsr olunan bütün zallarda əsasən yeni fotoşəkillər, sənədlər və əşyalar yerləşdirilmişdir: ölkənin 1917-ci ilin II yarısı – 1918-ci ilin əvvəli dövrünə aid vitrinə “Müsavat” partiyasının məramnaməsi, “Hümmət”in proqram və nizamnaməsinin əslləri, Ağababa Yusifzadənin şəxsi əşyaları və s. daxil edildi. “Bakı Soveti və “Sentrokaspi Diktaturası” hökuməti” vitrininə M.Əzizbəyovun şəxsi əşyaları, Bakının Inqilabi Müdafiə Komitəsinin və “Sentrokaspi Diktaturası” hökumətinin bülletenləri və s. əlavə edildi. Ekspozisiyanın müxtəlif bölmələrinə Abşeron yarımadasının ingilislər tərəfindən tərtib edilmiş xəritəsi, Paris Konfransındakı təmsilçilərimizin buraxdığı Azərbaycanın fransız dilindəki coğrafi xəritəsi və Qafqaz İslam Ordusunun Bakını azad etməsi planı əlavə edildi.

Ekspozisiyaya Cümhuriyyət xadimlərindən N.Yusifbəylinin, C.Məlikyeqanovun, general Əmir Kazım Mirzə Qacarın, V.Razumovskinin və başqalarının fotoşəkilləri, habelə rəssam Ə. Əzizovun “Parlamentin açılışı”, “M.Ə.Rəsulzadə”, “F.Xoyski”, “H.Ağayev” tabloları, “İstiqlal Bəyannaməsi”nin (“Əqdnamə”nin) rəssam Əzim Əzimzadənin 1918-ci ildə bədii tərtibat verdiyi əsl nüsxəsi daxil edildi. Muzeyin ekspozisiyasında yeni “AXC-nin dövlətçilik rəmzləri” bölməsi yaradıldı.

Ekspozisiyada “Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyəti” adlı yeni stend quruldu, “Təhsil” və “Mədəniyyət” bölmələri təsviri, sənədli və əşyayi materiallarla zənginləşdirildi.

Bütövlükdə, Azərbaycan tarixinin qədim zamanlardan XX əsrin 20-ci illərinə qədərki dövrünü əhatə edən ekspozisiyada 126 ədəd yeni material əlavə edilmişdir.

Ekspozisiyanın təkmilləşdirilməsi işi çərçivəsində görülmüş mühüm işlərdən biri də sərgilənən eksponatlar haqqında ingilis dilində annotasiyaların hazırlanmasıdır ki, bu da muzeyə gələn xarici tamaşaçıların ekspozisiya ilə daha rahat tanış olmasına imkan yaradır.

Planda nəzərdə tutulan iş şərçivəsində aşağıdakı mövzularda monitor filmləri hazırlanmışdır: “Dövlət təqaüdçüsü İ.Axundov”, “Şirvanşah I İbrahim (1382-1417) və onun Azərbaycan siyasəti”, “Atropatena dövləti”, “Qədim Bakı abidələri”, “XIX-XX əsrin əvvəllərində Azərbaycan  təbabəti”, “Azərbaycanın ilk qadın incəsənət xadimləri”, “Azərbaycanın neft sənayesində milli burjuaziya”.

        2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə planda nəzərdə tutulan tədbirlər çərçivəsində oktyabr ayında muzeydə “Müstəqilliyimizin 20 ili” sərgisi açılmışdır. Sərgidə muzeyin 1991-ci ildən bəri keçdiyi tarixi yol, əldə edilən nailiyyətlər fotoşəkillər vasitəsilə nümayiş olunmuş, habelə bu müddət ərzində nəşr edilən kitablar, albomlar və bukletlər sərgilənmişdir. Həmin sərgi həmçinin AMEA Rəyasət Heyətində təqdim olunmuşdur.

2011-ci il martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha Milli Azərbaycan Tarixi Muzeyinə qayğı nümayiş etdirərək eksponatların restavrasiyası, habelə tarixi əhəmiyyətli yeni muzey əşyalarının alınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 mln. manat məbləğində vəsait ayırmışdı. Bu vəsait hesabına muzey xalqımıza məxsus bir çox əvəzi olmayan incilərə sahib olmuşdur. Əşyaların böyük qismini Etnoqrafiya fondunu  zənginləşdirən qiymətli maddi mədəniyyət nümunələri təşkil edir.

Ölkə Prezidentinin ayırdığı vəsait hesabına alınan tarixi eksponatlar cari ilin mayın 3-də muzeyin sərgi salonunda açılmış “İrsimizin itirilməmiş inciləri” sərgisində nümayiş olunmuşdur. Sərgilənən eksponatlar arasında ipək üzərində işlənmiş miniatür xüsusi əhəmiyyət kəsb edir. XVI əsrin II yarısında yaşamış  naməlum rəssamın Əbdürrəhman Caminin “Həft Əvrəng”(1556-1565) əsərinə ipək parça üzərində fırça ilə çəkdiyi həmin miniatür tarixi baxımdan və sənət nümunəsi kimi  çox qiymətlidir. Bu miniatür Yusif peyğəmbərin həyatından müqəddəs kitablarda və müxtəlif farsdilli əsərlərdə təqdim olunan mövzunu əks etdirir.

Sərgilənən eksponatlar arasında Numizmatika fondunu zənginləşdirən maddi mədəniyyət nümunələri - Qəbələ, Lənkəran, Zaqatala və Şəki bölgələrindən tapılmış sikkə dəfinələri xüsusi önəm kəsb edir. Lənkəran bölgəsinin Kənarmeşə kəndində tapılmış mis sikkə dəfinəsi (231 ədəd) Azərbaycan Atabəyləri dövlətinin zərbinə mənsub olub, Əbubəkr (1191-1210) və Özbəyin (1210-1225) mis felslərindən ibarətdir. Zaqatala bölgəsində  tapılmış  gümüş sikkələr  dəfinəsi Səfəvi şahı I Təhmasibin (1524-1576) dövrünə aid ilk tapıntı kimi xüsusi əhəmiyyətə malikdir. Muzeyın yeni əldə etdiyi əşyalar arasında Quran, onun təfsirləri, tibb, fiqh və başqa elmlərə aid orta əsr əlyazmaları üstünlük təşkil edir. Arxeologiya fondu da yeni alınan materiallar hesabına zənginləşmişdir.

2011-ci ilin dekabrında Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitə bərpa və konservasiya olunan eksponatlaırn sərgisi keçirilmişdir.

II Problem “Muzeyin fondlarında qorunan maddi və mənəvi mədəniyyət nümunələrinin, Azərbaycan tarixinin müxtəlif dövrlərinin elmi tədqiqi, onların kitab, albom, kataloq, bukletlıər vasitəsilə nəşri, respublikadaxili və beynəlxalq elmi konfransların, seminarların keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrinə toplama işi məqsədilə ekspedisiyaların təşkili”dir.

         Cari ildə bu problemi əhatə edən 18 mövzudan 5-i  artıq tamamlanmış, 13 mövzu üzərində isə plana uyğun olaraq davam etdirilmişdir.

2012-ci ildə tamamlanması nəzərdə tutulan II problemin birinci mövzusu  “Muzeyin nadir kitablar fondu” kataloqunun (mövzu rəhbərləri: N.Əliyeva, F.Abdullayeva) hazırlanmasıdır. Cari ildə bu mövzu üzrə “Nadir kitabların sistemləşdirilməsi” işi yerinə yetirilmışdir.

2016-cı ildə başa çatdırılması nəzərdə tutulmuş “Orta əsr saxsı məmulatı” adlı elmi tədqiqat layihəsi (mövzu rəhbərləri: N.Quluzadə, G.Abdulova) çərçivəsində hazırlanan “Quş təsvirli şirli qablar” kitab-albomu üçün 117 ədəd quş təsvirli saxsı məmulat seçilmişdir.

         Problemin “Azərbaycanda elm (XIX–XX əsrin əvvəlləri)” kitab-albomunun hazırlanması” mövzusu üzərində iş tamamlanmışdır (7 ç.v.) (mövzu rəhbəri: Z.Dulayeva).

2012-ci ildə başa çatdırılması nəzərdə tutulan “Azərbaycan rəssamlarının əsərləri Təsviri materiallar fondunun kolleksiyasında” adlı kataloq (mövzu rəhbəri: R.Sultanov) üçün  muzeyin kolleksiyasında olan yeddi rəssamın 48 tablosu haqqında material toplanmış, annotasiyalar hazırlanmışdır.

         “Belarusun azad edilməsində azərbaycanlıların iştirakı” adlı 10 ç.v. həcmində kitab tamamlanmış və nəşr üçün hazırlanmışdır (mövzu rəhbəri: Z.Dulayeva).

Arxeologiya elmi fond şöbəsinin elmi tədqiqat planına daxil edilmiş və icrası 2011-2012-ci illər üçün nəzərdə tutulmuş mövzulardan biri «Nərgizavanın bədii metalı» kitab-albomunun (mövzu rəhbəri:N.Quluzadə) hazırlanmasıdır. Cari ildə bu mövzu üzrə 46 ədəd material seçilmiş, onların pasportları hazırlanmış və Azərbaycan dilində mətnin ilkin nümunəsi yazılmışdı.

“Antik və orta əsr incəsənəti: mozaika, freska və kaşı. Abidələrin monitorinqi və tədqiqi” layihəsi çərçivəsində (2011-2016) beynəlxalq elmi konfransın, sərginin keçirilməsi və kitabın nəşri” mövzusunun rəhbəri və icraçısı F.Xəlilli işdən çıxdığına görə plan üzrə nəzərdə tutulan işlər yerinə yetirilməmiş və Muzeyin Elmi Şurasının qərarı ilə həmin mövzu plandan çıxarılmışdır.

“Muzeyin hədiyyələr kolleksiyası” mövzusunda kataloq üçün 530 ədəd eksponata ətraflı annotasiya tərtib olunmuşdur (mövzu rəhbəri: R.Səfərova).

         “Azərbaycanın son orta əsr silahları (muzey materialları əsasında)” adlı monoqrafiyanın ilkin variantı hazırlanmışdır (mövzu rəhbəri: S.Vahabova).

“Mis süfrə qabları”mövzusunda kitab-albomu üçün material seçilmiş və mətnin bir hissəsi yazılmışdır (mövzu rəhbəri: G.Abdulova).

“Azərbaycanda tapılan sikkə dəfinələri” topoqrafik icmal üçün 85 səh. həcmində material toplanmışdı (mövzu rəhbəri: Ə.Rəcəbli).

         “Azərbaycanda arxeoloji qazıntılar zamanı tapılmış qızıl və gümüş əşyalar” mövzusunda kataloq üçün material toplanmışdır (mövzu rəhbərləri: A.Rüstəmbəyova, Ə.Rəcəbli, N.Quluzadə).

     “Azərbaycanın müdafiə silahları” kataloqu üçün fond materilalları seçilmiş,    şəkilləri çəkilmiş, annotasiyaları yazılmış, mətnin ilkin variantı hazırlanmışdır (mövzu rəhbəri: S.Vahabova).

  “Faleristika və qliptika fondunun kolleksiyası kataloqunun hazırlanması“ mövzusu çərçivəsində „Faleristika və qliptika fondunun bonistika kolleksiyası“ kataloqu üçün material toplanmış və mətn yazılmışdır (mövzu rəhbəri: S.Qasımova).

  2011-ci il iyunun 29-30-da Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir (mövzu rəhbəri: F.Xəlilli). Konfransda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Bolqarıstan, İtaliya, İordaniyanın muzeyşünas və sənətşünas mütəxəssisləri iştirak etmişdir. Konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri kimi mövzular müzakirə olundu. Bölmələrdə 40-dan artıq məruzə dinlənildi. Məruzələrin tezisləri ayrıca kitab şəklində nəşr edilmişdir. “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” Beynəlxalq elmi konfransın işində 12 nəfər xarici alim iştirak etmişdir.

2011-ci il oktyabrın 6-7-də Milli Azərbaycan Tarixi Muzeyində müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium (icraçı: F.Cabbarov) keçirilmişdir. Ölkəmizin elm və təhsil müəssisələrində çalışan alim və tədqiqatçılarla yanaşı Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, Misir təmsilçilərinin də qatıldığı simpozium bölmələrdə öz işini davam etdirdi. «İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət» və «Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi» istiqamətləri üzrə təşkil edilən seksiyalarda Tağıyev məktəbinin məzunları olmuş Azərbaycan qadınlarının fəaliyyətinə, müasir dövrdə qadın siyasətinə, Avropa və Asiya ölkələrində qadınların ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyata təsirinə, gender məsələlərinə, qadın təhsilində əldə edilmiş nəticələrə, savadsızlıq probleminin ailədə qadın problemlərinə təsirinə, cəmiyyətdə xeyriyyəçilik ənənələrinə və digər mövzulara həsr edilmiş məruzələr dinlənildi. Simpozium çərçivəsində fotosərgi təşkil olunmuşdur.

         “Arxeoloji, etnoqrafik, numizmatik, heraldik məlumatların toplanılması və tədqiqi məqsədilə respublikanın bölgələrinə ekspedisiyaların və ezamiyyətlərin təşkili” mövzusu (mövzu rəhbərləri: Ə.Rəcəbli, N.Quluzadə, G.Abdulova) çərçivəsində cari ildə Etnoqrafiya və Arxeologiya elmi fond şöbələrinin əməkdaşları etnoqrafik ekspedisiyalarda və arxeoloji qazıntılarda  iştirak etmişlər. İsmayıllı payonunun Basqal kəndinə etnoqrafik çöl materialı və maddi mədəniyyət nümunələrinin toplanması məqsədilə səfər təşkil olunmuş, XIX əsrin sonlarına aid kəlağayı dəzgahı əldə olunmuşdur. İsmayıllı rayonunun Kürdüvan kəndi ərazisindən tapılmış 30, Ağsuda aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmış 14 və müxtəlif bölgələrə aid 72 ədəd material əldə edilərək Arxeologiya fondunun kolleksiyasını zənginləşdirmişdir. Şöbə əməkdaşları həmin materialları qablaşdıraraq fondda yerləşdirmiş və onların elektron pasportunu tərtib etmişlər.     2011-ci ildə Arxeologiya elmi fond şöbəsinin işçiləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə Ağsu, Qəbələ, Qarabağ arxeoloji ekspedisiyalarında iştirak etmişlər.

         “H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş  tədqiqatların aparılması, onların kitab, buklet, albomlar vasitəsilə nəşri” mövzusu (mövzu rəhbəri: F.Cabbarov) çərçivəsində “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitab nəşr edilmişdir. Azərbaycan və rus dillərində olan bu kitab Azərbaycanın görkəmli ictimai xadimi, sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin 1901-ci ildə təsis etdiyi müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaranma tarixinə həsr olunub. Kitabda toplanan arxiv sənədləri, o illərin dövrü mətbuatının materialları, xatirələr, fotoşəkillər bu tədris müəssisəsinin XX əsrin əvvəllərində qadın təhsilinin inkişafı üçün əhəmiyyəti barədə geniş təsəvvür yaradır.

        III Problem “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında cari texniki işlərin aparılması, orada mühafizənin və təhlükəsizliyin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili” adlanır. “Fond materiallarının işlənməsi, kompüterləşdirilməsi və pasportlaşdırılması” mövzusu (mövzu rəhbəri: M.Zeynalova) üzrə aşağıdakı işlər yerinə yetirilmışdir:

  • Numizmatika fondunda 550 sikkənin təyinatı müəyyənləşdirilmişdir;
  • fondlarda qorunan 1621 s.v.-nin proqramlaşdırılması, elmi pasportların tərtibi, şəkillərinin çəkilməsi, təsvirlərinin və təsnifatlarının yazılması davam etdirilmişdir;
  • 1034 eksponat Bərpa laboratoriyasının əməkdaşları tərəfindən bərpa edilmişdir;
  • Neqativ fondunun materialları mövzü və dövr üzrə komplektləşdirilmiş və diskə köçürülmüşdür. 20 ədəd neqativ bərpa olunmuşdur;
  • Fond materiallarının proqramlaşdırılmasına dair iş davam etdirilir: elmi pasportlarının tərtib edilmiş, eksponatların şəkilləri çəkilərək,  təsvirləri və təsnifatları yazılmışdır (520 saxlanma vahidi); 
  • 1946-1953-cü illərdə fəaliyyət göstərmiş Mingəçevir arxeoloji ekspedisiyasının 1-7 saylı səhra qeydi kitablarının elektron versiyası hazırlanmışdır.

     Azərbaycan Respublikası Prezidentinin 16 mart 2011-ci il tarixli sərəncamına əsasən muzeyə ayrılan 1 mln. manatdan 400 min manata 2817 ədəd yeni material satın alınmış və fond kolleksiyasını zənginləşdirmişdir. Cari ildə MATM-də bərpa və konservasiya işlərinə dair tender keçirilmişdir. Yaradıcı Qadınlar Assosiasiyası və Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tenderdə qalib gələrək Milli Azərbaycan Tarixi Muzeyinin 5332 ədəd materiallarını bərpa etmişlər. Bu işdə muzey laboratoriyasının əməkdaşları da iştirak etmişlər.

         2011-ci ildə Tarixi Əşyaların Fond-Satınalma Komissiyasının iki iclası keçirilmiş və nəticədə Komissiya tərəfindən Muzeyə 3232 s.v. yeni materiallar qəbul edilmişdir. Onlardan 470 s.v. hədiyyə, 2762 s.v. isə satınalma yolu ilə əldə edilmişdir. Beləliklə, muzeyin kolleksiyasında 2011-ci ilin sonuna olan məlumata görə 241719 ədəd material saxlanılır.

         2011-ci il ərzində şöbə və fondların əməkdaşları 3000-dək material toplamışlar.

IV problem “Elmi maarif və elmi kütləvi işlər”i əhatə edir. Cari ildə bu problem üzrə 1 mövzu və 3 iş yerinə yetirilmişdir (mövzu rəhbəri: B.Sayılov).

  • Hesabat dövründə Elmi maarif və sərgilərin təşkili şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri məktəbləri arasında 4 intelektual oyun keçirmişlər;
  • 60 idarə və təşkilatlarla muzey ilə əməkdaşlıq barədə müqavilələr imzalanmışdır;
  • 28 may “Respublika günü ”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə muzey əməkdaşlari ilə yanaşı Yeni Azərbaycan Partiyasının, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin nümayəndələri iştrak etmişlər;
  • Muzeyin internet saytı daima yenilənmişdir;
  • Şöbənin əməkdaşları cari ildə muzeydə keçirilən konfransların və sərgilərin qurulmasında və təşkilində, habelə ekspozisiyanın təkmilləşdirilməsi işində yaxından iştirak etmişlər;
  • 2011-ci ildə ekskursiyaçılar tərəfindən 150 fərdi, 770-dən artıq kütləvi, ümumilikdə 900-dək ekskursiya aparılmışdır.

 

Plandan əlavə görülən işlər:

  • Etnoqrafiya elmi fond şöbəsi və Xüsusi fond Çexiya Respublikasının Ostrava şəhərində sərgilənmək üçün materiallar seçmiş, onların annotasiyalarını tərtib etmiş, posterlər üçün mətnlər hazırlamışlar (icraçılar: Ç.Abdulova,  A.Rüstəmbəyova);
  • Ölkə Prezidentinin ayırdığı vəsait hesabına alınan tarixi eksponatlardan ibarət “İrsimizin itirilməmiş inciləri” sərgisi keçirilmişdir;
  • Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitə bərpa və konservasiya olunan eksponatlaırn sərgisi keçirilmişdir.
  • İKOM-un qərarı ilə “Molla Nəsrəddin” jurnalının 105 illiyi ilə əlaqədar digər muzeylərin də qatıldığı sərgilər təşkil olunmuşdu. Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Molla Nəsrəddin - 105” mövzusunda sərgi təşkil edilmişdir;
  • Hesabat ilinin 31 mart – 3 aprel tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında «VI Uluslararası Türk Sanatları» sərgisi keçirilmişdir.   
  • Arxeologiya elmi fond şöbəsinin əməkdaşları «Xocalı vaxtı» filminin hazırlanmasında yaxından iştirak etmişlər (F.Xəlilli və A.Usubəliyeva);
  • «Нумизматика Азербайджана» əsərinin elektron variantı irali.az saytına daxil edilmişdir (Ə.Rəcəbli, A.Məmmədova);
  • muzeyin əməkdaşları ölkə və xarici mətbuatda muzeyin fəaliyyətini və muzey materiallarını təblig edən məqalələr dərc etdirmişlər (F.Ağayev, G.Abdulova, F.Cabbarov, F.Əhmədova, B.Kərimov, A.Məmmədova, Ə.Rəcəbli).
  • muzeyin əməkdaşları yerli və xarici televiziya və radio  kanalları vasitəsilə Azərbaycan tarixinə və mədəniyyətinə dair verilişlərdə çıxış etmişlər (G.Abdulova, G.Ağayev, F.Cabbarov, F.Əhmədova, F.Xəlilli, Ə.Rəcəbli, S.Vahabova, N.Vəlixanlı).

 

Nəşriyyat fəaliyyəti

Cari ildə çap edilmiş kitablar:

  1. “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” Beynəlxalq elmi konfransın tezisləri.
  2. Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpoziumun tezisləri.
  3. Fərhad Cabbarov. H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən.

4.       Milli Azərbaycan Tarixi Muzeyi-2011. Elmi məqalələr toplusu.

 

Cari ildə muzey əməkdaşlarının 50-dən artıq elmi məqaləsi çap olunmuşdur. Bunlardan xarici ölkələrdə:

1. Национальному Музею Истории Азербайджана – 90 лет / İRS – Nasledie, heritage. Международный азербайджанский журнал, № 4 (52), Москва, 2011, s. 20-24 (Ə.Rəcəbli);

2. Calligraphy of Azerbaijan during the XVI - XVII centuries / The Fourth İnternational Symposium of Printing and Publishing in the Language and Countries of the Middle East (paper abstracts). Egypt, Bibliotheca Alexandrina, 2011, s.12-14 (H.Əliyeva);

3. Влияние скотоводческого хозяйства на зоолатрические верования в Азербайджане в VI-III тысячелетии до н.э. // Вестник Казахского национального университета им. Аль-Фараби. Серия востоковедение, Алматы, №2 (55), 2011(Гулузаде Н.В);

4. A Study of Qadi Ahmad’s Treatise on Calligraphers (based on the works of professor-orientalist V.F.Minorsky: (1877-1966) / The Fourth İnternational Symposium of Printing and Publishing in the Language and Countries of the Middle East (paper abstracts). Egypt, Bibliotheca Alexandrina, 2011, p. 18-19. (S.Həmzəbəyova).

5.Структура организации власти в Золотой Орде (XIII-XV вв.) / История из прошлого в будущее. Сборник научных трудов. Москва, 2011,  s. 88 – 91. (S.Həmzəbəyova).

 

Nəşrə hazır olan kitabların siyahısı:

  1. S.Vahabova “Azərbaycanın son orta əsr silahları (muzey materialları əsasında)”.
  2. “Belarusun azad edilməsində azərbaycanlıların iştirakı” (Z.Dulayeva, F.Cabbarov, F.Bağırov, F.Ağayev).

 

Elmi-təşkilati fəaliyyət:

Cari ildə muzey təsdiq olunmuş struktur əsasında fəaliyyət göstərmişdir.

 

Kadr hazırlığı:

Cari ildə muzeydə 175 nəfər əməkdaş fəaliyyət göstərmişdir. Onlardan 40 nəfər elmi işçi, o cümlədən, 17 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktorudur. Muzeyin 12 doktorantı (8- fəlsəfə doktoru hazırlığı üzrə, 4- elmlər doktoru hazırlığı üzrə) var. Onlardan 4 nəfər (fəlsəfə doktoru hazırlığı üzrə) 2011-ci ildə qəbul olunub. Muzeyin 5 dissertantı (fəlsəfə doktoru hazırlığı üzrə) var. Onlardan 2 nəfər bu il qəbul olunub. Əvvəlki illərdə dissertanturaya daxil olan 2 nəfər – M.Zeynalova və S.Vahabova bu il dissertasiyalarını müdafiə ediblər.

 

Elmi Şuranın fəaliyyəti:

Elmi Şuranın 11 iclası keçirilmişdir. İclaslarda muzeyin yeni təşkilati strukturu, ekspozisiyanın təkmilləşdirilməsi, doktorantların məruzələri, plan işləri və hesabatlar, kadr və s. məsələlər müzakirə olunmuşdur.

 

Elmi-konfranslar, simpozium və seminarlar:

  1. “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans. 29 iyun-1 iyul 2011;
  2. Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium. 6-7 oktyabr 2011.

 

Muzey alimlərinin iştirak etdiyi forumlar:

  1. The Science and Art of Color. «İnternational Edelstein Color Sympozium İsrail, 27-28 fevral, 2011(F.Xəlilli);
  2. “Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı. Bakı şəhəri, 15 mart, 2011 (A. Əhmədov, A.Məmmədova);

3. “Qızıl Ordanın siyasi və iqtisadi tarixi” mövzusunda II Beynəlxalq elmi konfransı. Tatarıstan Respublikası, Kazan şəhəri, 28-31 mart, 2011 (S. Həmzəbəyova);

4. “Türk Mədəniyyəti və Sənətləri” mövzusunda V Beynəlxalq konfrans. İspaniya, Madrid şəhəri, 9-13 may, 2011 (F.Xəlilli, H.Əliyeva, A.Rüstəmbəyova);

5. The 3rd International Congress of Eurasian Archaeology, Ethno Cultural History of the Turkic Speaking People of Eurasia, Turkey, Demirci, 23-25 May 2011(Xəlilli F)

6. “Türk tekstil və əl sənətləri” mövzusunda III Beynəlxalq konfrans. Türkiyə, Konya şəhəri, 29 may-2 iyun, 2011 (N.Vəlixanlı, M.Zeynalova, F.Xəlilli, H.Əliyeva);

7. Gənc tarixçilərin VI Beynəlxalq yay məktəbi. Qırğızıstan, Bişkek şəhəri, 12-19 iyun, 2011(G.Məmmədova, A. Əhmədov);

8. MDB ölkələri arxeoloqlarının yay məktəbi.Tacikistan, Sarazm şəhəri, 20-25 iyun 2011 (R.Həsənova);

9. “Yaxın Şərq ölkələrində çap və nəşriyyat işi”mövzusunda IV Beynəlxalq Simpozium. Misir, İsgəndəriyyə şəhəri, 27-30 sentyabr, 2011 (H.Əliyeva, S.Həmzəbəyova):

10. “İslam sivilizasiyası və müasir dünya” mövzusunda elmi-praktiki konfrans. Dağıstan, Mahaçqala şəhəri, 13-14o ktyabr, 2011(N.Yusifova, A.Əfəndiyev);

11. “Model Expo 2011” möpvzusunda 26-cı Beynəlxalq dizayn və dekorasiya sərgi-konfransı. Türkiyə, Bursa şəhəri, 17-23 oktyabr 2011(E.Dadaşov);

12. “Mədəni irs və müasir texnologiyalar” mövzusunda XVI Beynəlxalq konfransı. Avstriya, Vyana şəhəri,  13-18 noyabr, 2011 (M.Zeynalova,  A.Rüstəmbəyova).13-18 noyabr, 2011 (M.Zeynalova,

 

Problemlər, təkliflər, arzular:

  1. Muzeyin ixtisaslı kadrlarla təmin olunması.
  2. Muzeyin ekspozisiya sahəsinin genişləndirilməsi.
  3. Muzey eksponatlarının bərpası və konservasiyası üçün vəsaitin ayrılması;
  4. İxtisasartırma və ezamiyyət üçün ayrılan vəsaitin tələbata uyğun səviyyədə verilməsi;
  5. Beynəlxalq əlaqələrin intensivləşdirilməsi məqsədilə vəsait ayrılması (sərgilər, xarici ezamiyyətlər və s.).

 

 AMEA Milli Azərbaycan Tarixi

Muzeyinin direktoru, akademik                                            Nailə Vəlixanlı

 

 AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2011-ci il hesabatının

 

Xülasəsi

 

  • Cari ildə planda nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilmişdir.

 

  • Azərbaycanın  qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrləri tarixini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya təkmilləşdirilmiş və yenilənmişdir.

 

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezidentinin ehtiyat fondundan ayırdığı 1 mln. manat vəsait hesabına 5 mindən artıq eksponat bərpa və konservasiya olunmuş, 2 mindən artıq yeni eksponat satın alınmışdır.

 

  •  Cari ildə muzeydə 4 sərgi keçirilmişdi: “Müstəqilliyimizin 20 ili”, “Irsimizin itirilməmiş inciləri”, “H.Z.Tağıyevin qız məktəbi”, “Eksponatların ikinci həyatı”.

 

  • 29 iyun-1 iyul 2011-ci il tarixində “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

 

  • 6-7 oktyabr 2011-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirilmişdir.

 


Elanlar