az
en
Bu gün: 21 Sentyabr 2017
Ana səhifə    Etnoqrafiya fondu
Etnoqrafiya fondu

Milli Azərbaycan Tarixi Muzeyində saxlanan ən nəfis, orijinal və nadir eksponatların böyük bir qismi Etnoqrafiya elmi fond şöbəsinin fondunda mühafizə olunur. Etnoqrafiya fonduna alınan ilk eksponat Muzeyin açıldığı dövrə, yəni 1920-ci ilə təsadüf edir. Bu gün  fondda mühafizə edilən eksponatların ümumi sayı 9 minə yaxındır. Onların içərisində ən qədimi XII əsrə aid şamdan, həvəng və manqaldır. Əsasən orta əsrlərə aid və Azərbaycan xalqının tarixini, mədəniyyətini, məişətini, özündə yaşadan bu nadir eksponatlar öz maddi və mənəvi dəyəri baxımından çox qiymətli olub, milli dəyərlərimizin araşdırılması üçün əvəzsiz elmi bazadır. Etnoqrafiya fondunda qorunan materiallar içərisində Azərbaycan ərazisində yaşayan milli azlıqların, müxtəlif xalqların məişətinə məxsus əşyalar da yer alıb.

Fondun kolleksiyasının bir qismini Azərbaycan xalqının həyat tərzi və məişəti ilə sırf bağlı olan, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərinə məxsus xalça və xalça məmulatları təşkil edir.

Etnoqrafiya fondunda qorunan eksponatlar içərisində Azərbaycanın maddi mədəniyyətinin mühüm göstəricilərindən olan geyimlərin və tikmələrin özünəməxsus yeri vardır. Bu nəfis sənət əsərlərinin yüksək bədii-tarixi dəyəri həm də onların bəzilərinin məşhur şəxsiyyətlər tərəfindən hazırlanması ilə bağlıdır. Məsələn, sonuncu Qarabağ xanının qızı, şairə Xurşudbanu Natəvanın əl işi olan bədii tikmələr nəinki muzeyin, bütövlükdə Azərbaycan incəsənətinin inciləri sayıla bilər.

Azərbaycan xalqının zəngin mənəvi mədəniyyətə sahib olduğunu sübut edən musiqi alətləri də Etnoqrafiya fondunda yer almışdır. Fondda mühafizə olunan,  XII-XVI əsrlərdə istifadə olunan çoğur Azərbaycanın ən nadir musiqi alətlərindən biridir.

Etnoqrafik əşyalar içərisində mis, bürünc, tunc, ağac, çini, gil,  daşdan  hazırlanmış müxtəlif əmək alətləri, məişət əşyaları, dini ayinlərin icrası ilə bağlı əşyalar da geniş yer tutur. Misdən hazırlanmış şərbətqabılar, qəndillər, kasalar, şirli və şirsiz saxsıdan küpə, dolça, nehrə, ağac və metal əmək alətləri, zərif çini qablar və s. öz istehsal üsulları, dekorativ tərtibatı baxımından olduqca maraqlı və qiymətlidir. Dini ayinlərin icrası zamanı istifadə edilən müxtəlif təbii daşlar və muncuqlardan ibarət  nəzərliklər, kəhraba, əqiq, təsbehlər, üzəri dua və müqəddəs kəlamlarla yazılı üzüklər, dua qabları və s. əsrlər boyu xalqın yaddaşından süzülüb gələn  dini inancları özündə yaşadır.

Etnoqrafiya fondunda Azərbaycanın tanınmış alim, şair, bəstəkar, aktyor, hərbçilərinə məxsus əşyalar da mühafizə edilir. Onlardan Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəylinin, Nəcəf bəy Vəzirovun, Əliağa Şıxlinskinin və başqalarının şəxsi əşyalarını göstərmək olar. Bununla yanaşı fondda Moldova, Türkmənistan, Rusiya, İran və s. ölkə nümayəndələrinin Azərbaycana səfərləri zamanı muzeyə bağışladıqları qiymətli hədiyyələr də qorunub saxlanır.  

Müxtəlif illərdə Etnoqrafiya şöbəsinə Yevgeni Paxomov, İshaq Cəfərzadə, Z.Kilçevskaya, H.Quliyev, M.Nəsirli, Mayya Cəbrayılova, Nərmin Tahirzadə, Ətiqə İzmayılova rəhbərlik etmiş, Mehdi Quliyev, Əhməd Abdullayev, Nigar Seyidzadə, Ayəndə Dadaşova, Afət Rüstəmbəyova isə fondun mühafizləri olmuşlar. Hazırda Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulovadır.  

Elanlar