az
en
Bu gün: 29 İyun 2017
Ana səhifə    Arxeologiya fondu
Arxeologiya fondu

Milli Azərbaycan Tarixi Muzeyinin ilk struktur bölmələrindən biri 1920-ci ildə təşkil edilən Arxeoloji seksiya olmuşdur. Seksiyanın əməkdaşları professor Yevgeni Paxomovun rəhbərliyi ilə muzeyə daxil olan arxeoloji və numizmatik materialların ilkin işlənilməsini aparmış, onları kataloqlaşdırmışlar. Muzeyin Arxeologiya fondunun inventar kitabında ilk maddi mədəniyyət nümunəsi kimi qədim daş dövrünə aid çaxmaqdaşından əmək aləti qeyd olunmuşdur. Həmin əmək aləti 1920-ci il mayın 25-də Benkendorfun evindən qəbul edilmişdir. Bunun ardınca Birlinskinin (1920), Uşakovun (1920), Abezkuzun (1920), Skinderin (1921), Yevgeni Paxomovun (1921) kolleksiyalarındakı maddi mədəniyyət nümunələri fondun eksponatlarını xeyli zənginləşdirdi.

XX əsrin 20-ci illərindən Tarix Muzeyi Azərbaycan ərazisində arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlamışdır. Gəncə-Çovdar, Yaloylutəpə, Redkin lager, Xocalı abidələrində aparılan geniş qazıntı işləri 30-40-cı illərdə Qədim Gəncə, Bakı Xan sarayı, Naxçıvan, Uzuntəpə və Mingəçevirdə davam etdrilmiş, Arxeologiya fondu ildən-ilə materiallarla zənginləşmişdir. Sonralar arxeoloji qazıntı işlərini AMEA-nın Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutunun müvafiq ekspedisiyaları aparmışlar. Bu qazıntılardan aşkar olunmuş maddi mədəniyyət nümunələrinin bir hissəsi Arxeologiya fondunda toplanmışdır. Görkəmli Azərbaycan arxeoloqlarının əməyi sayəsində hal-hazırda 80 mindən artıq materialın toplandığı Arxeologiya fondunda daş, mis-daş, tunc, ilk dəmir, antik və orta əsrlər dövrünü xarakterizə edən maddi mədəniyyət nümunələri vardır.

2009-cu ilədək fond Azərbaycanın Qədim və orta əsrlər dövrü tarixinin elmi ekspozisiya şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 2009-cu ildə müstəqil Arxeologiya elmi fond şöbəsinin təşkili materialların tədqiqi, nümayişi, təbliği və zənginləşdirilməsi üçün yeni imkanlar yaratdı. Müxtəlif illərdə Arxeologiya fonduna İshaq Cəfərzadə, Məmmədli Hüseynov, Şərqiyyə Sadıqzadə, Gennadi Ağayev, Fariz Xəlilli  rəhbərlik etmişlər. Hazırda fonda  Nasir Quluzadə rəhbərlik edir.

Elanlar