az
en
Bu gün: 29 İyun 2017
Ana səhifə    2012-ci ilin Hesabatı
Milli Azərbaycan Tarixi Muzeyinin 2012-ci ildə gördüyü elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin Hesabatı

Milli Azərbaycan Tarixi Muzeyinin 2012-ci ildə gördüyü

elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin

H E S A B A T I

 

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar görkəmli Azərbaycan şairəsinin  Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə edilən materiallarından ibarət 19 səhifəlik buklet nəşr olunmuşdur. Bukletdə X.Natəvanın əl işlərindən və ona məxsus əşyalardan ibarət 24 adda fond materialı təqdim olunur. Buradakı fotoşəkillər X.Natəvanı təkcə istedadlı şair və ictimai xadim kimi deyil, habelə mahir rəssam, tikmə ustası, xalçaçı, dərzi kimi də xarakterizə edir. Fotoşəkillər annotasiyalarla müşayiət olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” 9 aprel  2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində mayın 4-də anım tədbiri keçirilmişdir. Tədbirdə muzeyin əməkdaşları ilə yanaşı Bakı şəhəri 190, 123, 90 №-li məktəblərin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçılarına Şuşa şəhərinin keçmişini və işğaldan sonrakı vəziyyətini əks etdirən elektron təqdimat nümayiş olunmuşdur. Azərbaycanın qədim keçmişinin öyrənilməsində Qarabağ ərazisində aparılmış arxeoloji qazıntıların əhəmiyyəti, bu qazıntılar nəticəsində əldə olunan materialların ən qədin insan məskənlərinin məhz bu ərazidə olması faktını sübut etdiyi vurğulandı. Milli Azərbaycan Tarixi Muzeyində qorunan maddi mədəniyyət nümunələri əsasında Qarabağ bölgəsinin etnoqrafik xüsusiyyətlərinə toxunuldu. Çıxışlardan sonra şagirdlərin suallarına cavabla verildi.

Azərbaycan Respublikası Prezidentinin “M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyinin keçirilməsi haqqında” 12 aprel 2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında 58 səhifəlik “Mirzə Fətəli Axundzadə-200” kataloqu hazırlanmışdır. Kataloqa böyük yazıçının həyatına dair müxtəlif məlumat və hadisələri özündə əks etdirən sənəd və əşyayi materiallar daxil edilmişdir. Bu sənəd və əşyalar oxucuları Axundzadələr nəslinin həyat və fəaliyyəti, cəmiyyətdə tutduqları mövqe ilə tanış etməklə yanaşı, dövrün azərbaycanlılarının məişət mədəniyyətini işıqlandırmaq baxımından da maraq doğurur. Kataloqun əsasını muzeyin 10 fondunda mühafizə olunan 92 saxlama vahidi təşkil edir. Kataloq Azərbaycan və rus dillərində hazırlanmışdır.

 

            Elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında məlumat

            2012-ci ildə təsdiq olunmuş plana əsasən muzeyin əməkdaşları 25 mövzu və bu mövzulara daxil olan 27 iş üzərində çalışmışlar. Cari ildə nəzərdə tutulmuş 13 mövzu, 21 iş və 2 mərhələ tamamlanmışdır.

I problem Azərbaycan xalqının qədim dövrdən bu günə qədərki tarixini əks etdirən maddi və mənəvi mədəniyyət nümunələrinin muzeyin ekspozisiyasında və sərgilərində nümayişi və təbliği”dir. Bu problemə daxil olan            “Azərbaycanın qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrləri, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən zallarda eksponatların təkmilləşdirilməsi və yeniləşdirilməsi, müxtəlif mövzularda sərgilərin qurulması” mövzusu (mövzunun rəhbəri: N.Əliyeva) üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:

Cari ildə I mərtəbədəki 57 vitrindən 36-sında (63%) yenidənqurma-təkmilləşdirmə işləri əsasən həmin vitrinlərin bədii tərtibatından, eksponatların, eləcə də podiumların yerdəyişməsindən və ya yeniləri ilə əvəzlənməsindən,  Azərbaycan və ingilis dillərində annotasiyaların hazırlanmasından ibarət olmuşdur. Bu işlər çərçivəsində bir sıra vitrinlərə yeni bölmələr və onlara müvafiq eksponatlar əlavə olunmuşdur. Ekspozisiyanın 2-ci mərtəbəsində də təkmilləşdirmə işləri aparılmışdır. “XIX əsrdə Azərbaycanda dini etiqad” zalında yəhudi və xristianlıq dinlərinə dair materiallar əsasında yeni bölmə yaradılmış, “Azərbaycanda tolerantlıq” mövzusundakı vitrinə yeni eksponatlar yerləşdirilmiş, XIX əsrin mədəniyyət bölməsinə isə yeni materiallar əlavə edilərək təkmilləşdirilmışdir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən zallarda bir çox dəyişikliklər aparılmış, bu dövrün ekspozisiyası xeyli yeni əşyayi material, sənədlər, rəsm əsərləri hesabına daha da zənginləşdirilmişdir. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin hələ 1918-ci ildə “İstiqlal” Muzeyinin sifarişi ilə bədii tərtibat verdiyi “İstiqlal Bəyannaməsi” ilk dəfə nümayiş olunmaq üçün ekspozisiyada yerləşdirilmişdir. Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasında  “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində Tağıyevə məxsus bir neçə orden və medal aşkarlanmışdır. Belə ki, vitrində H.Z.Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir.

Bütün ekspozisiya üzrə annotasiyalar yoxlanılmış, düzəldilmiş, yeni annotasiyalar tərtib edilmişdir.

            Cari ildə “Qarabağ xanlığı”, “İmadəddin Nəsimi”, “Məhəmməd Nəsirəddin Tusi”, “General-leytenant Əliağa Şıxlinski”, “Müasir Azərbaycan Respublikasının sələfi Azərbaycan Xalq Cümhuriyyəti”, “XX əsrin əvvəllərində Azərbaycanda dini maarifçilik hərəkatı” elektron təqdimatları hazırlanmışdır.

            Mövzu çərçivəsində 3 sərgi təşkil olunmuşdu: “Muzeyin silah kolleksiyası”, “Azərbaycan rəssamlarının əsərləri Təsviri materiallar fondunun kolleksiyasında”, “Azərbaycan neft sənayesinin təşəkkülü və inkişafı”.

II Problem Muzeyin fondlarında qorunan maddi mədəniyyət nümunələrinin, Azərbaycan tarixinin müxtəlif dövrlərinin elmi tədqiqi və nəşri, respublika və beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrinə toplama işi məqsədilə ekspedisiyaların təşkili”dir. Bu problem 22 mövzunu əhatə edir.

“Muzeyin nadir kitablar fondu” kataloqunun hazırlanması” mövzusu tamamlanmışdır. Kataloqun XVIII-XIX əsrin I yarısını əhatə edən birinci cildi (1400-dən artıq nadir kitab) çapa hazırlanmışdır (mövzunun rəhbərləri: N.Əliyeva, F.Abdullayeva).

Nəşri gələn il nəzərdə tutulmuş “Azərbaycanın orta əsr saxsı məmulatı” elmi-tədqiqat layihəsi” mövzusu çərçivəsində eyniadlı kataloq üçün 190 eksponat seçilərək elektron pasportu tərtib edilmişdir (mövzunun rəhbəri: N.Quluzadə).

N.Yusifbəylinin anadan olmasının 130 illiyinə həsr olunan “Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyəti” adlı məqalələr toplusunun hazırlanması” mövzusu başa çatdırılmışdır. Məqalələr toplusunun ilkin variantı hazırlanmışdır (mövzunun rəhbəri: Z.Dulayeva).

“Azərbaycan rəssamlarının əsərləri Təsviri materiallar fondunun kolleksiyasında” kataloqunun hazırlanması” mövzusu başa çatdırılmış və kataloqun ilkin variantı hazırlanmışdır. Kataloqa 59 rəssamın işləri daxildir (mövzunun rəhbəri: R.Sultanov).

“XIX əsrdə çarizmin Azərbaycanda aksiz siyasəti” kitabının hazırlanması” mövzusu üzrə monoqrafiya başa çatdırılmış və çapa verilmişdir (mövzunun rəhbəri: M.Məmmədov).

          “Mütəfəkkir, ədib və publisist M.F.Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunan kataloqun hazırlanması (MATM-nin kolleksiyası əsasında) mövzusu (mövzunun rəhbəri: Z.Dulayeva) yerinə yetirilmiş və kataloq çap olunmuşdur.

        “Bakı şəhərinin su təchizatı tarixindən” kitab-albomunun hazırlanması” mövzusu üçün mətn yazılmış, eləcə də illustrasiyalar və sənədlər seçilib ayrılmışdır (mövzunun rəhbəri: B.Sayılov).

Növbəti elmi tədqiqat mövzusu “Nərgizavanın bədii metalı” adlanır. Tədqiqat işi prosesində aşkara çıxarılan materialların zənginliyi kataloqun yeni adla - “Şirvanın bədii metalı” kimi təqdim edilməsini məqsədəuyğun etmişdir. Nəşr üçün təqdim olunan kataloqa 123 adda eksponat cəlb edilmişdir. İş zamanı 58 ədəd bədii metal nümunəsi muzeyin Bərpa laboratoriyasında restavrasiya və konservasiya olunmuşdur. 104 səhifəlik kataloq Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur (mövzunun rəhbəri: N.Quluzadə).

         “Azərbaycan xalqının mədəni irsi (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)” silsilə kitabların hazırlanması” mövzusu üzrə “Maarif və maarifçilər” adlı məqalələr toplusu hazırlanmışdır. Topluya muzey əməkdaşlarının 12 məqaləsi  daxil edilmişdir (mövzunun rəhbəri: Z.Dulayeva).

Muzeyin hədiyyələr kolleksiyası“ kataloqunun hazırlanması” mövzusu tamamlanmışdır. Kataloqda 850-dən çox eksponat haqqında məlumat əks olunub (mövzunun rəhbəri: R.Səfərova).

«Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycanın arxeoloji irsinin öyrənilməsi» respublika elmi seminarının keçirilməsi” mövzusu (mövzunun rəhbəri: N.Quluzadə) və “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” illik respublika elmi konfransının keçirilməsi” mövzusuna (mövzunun rəhbəri: N.Əliyeva) daxil olan “II respublika elmi konfransının keçirilməsi” işi planda nəzərdə tutulduğu kimi yerinə yetirilmişdir.

“Beynəlxalq Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər Konqresinin (Türkiyə Respublikası Səlcuq Universitetinin Səlcuq araşdırmaları Mərkəzi və L.Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyi ilə birgə) keçirilməsi”mövzusu planda nəzərdə tutulduğu kimi yerinə yetirilmişdir.

2013-cü ildə başa çatdırılması nəzərdə tutulan “Mis süfrə qabları” kitab-albomunun hazırlanması” mövzusu üçün 445 saxlama vahidi mateial seçilmiş və mətn yazılmışdır. Materialın bir qisminin bərpaya ehtiyacı olduğundan Bərpa laboratoriyasına təhvil verilmişdir (mövzunun rəhbəri: G.Abdulova).

“Azərbaycanda tapılan sikkə dəfinələrinin topoqrafik icmalı”nın hazırlanması” mövzusu tamamlanmış və icmal nəşr üçün hazırlanmışdır. Toplu 1965-ci ildən 2010-cu ilə qədər muzeyə daxil olan numizmatik material və aktlar əsasında yazılmışdır (mövzunun rəhbəri: Ə.Rəcəbli).

“Azərbaycanda arxeoloji qazıntılardan tapılmış qızıl və gümüş əşyaların kataloqu”nun hazırlanması” mövzusu yerinə yetirilmiş və kataloq nəşrə hazırlanmışdır (mövzunun rəhbərləri: N.Quluzadə, A.Rüstəmbəyova).

“Azərbaycanın müdafiə silahları” kataloqu” mövzusu yerinə yetirilmiş və kataloq çap edilmişdir (84 s.). Kataloqda muzeyin kolleksiyasında toplanan 80-dən artıq müxtəlif müdafiə silahları təqdim olunub (mövzunun rəhbəri: S.Vahabova).

        “Faleristika və qliptika fondunun kolleksiyası” kataloqunun birinci buraxılışı hazırlanmışdır. Cari ildə fondun adı dəyişdirilərək „Köməkçi tarixi fənn materialları fondu“ adlandırıldığından, mövzunun adında da dəyişiklik edilmişdir. Cari il üçün nəzərdə tutulmuş “Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyası” kataloqu nəşrə hazırlanmışdır (mövzunun rəhbəri: S.Qasımova).

           “Azərbaycan xalçaları (MATM-nin kolleksiyası əsasında) silsilə kitab-albomların hazırlanması“ mövzusu üzrə planda nəzərdə tutulduğu kimi “Azərbaycan xalçaları (Quba-Şirvan)” kataloqu nəşr üçün hazırlanmışdır (mövzunun rəhbəri: G.Abdulova). Kataloq  muzeyin Etnoqrafiya fondunda mühafizə edilən Quba-Şirvan bölgəsinə məxsus 300 xalça və xalça məmulatını əhatə edir.

            “Arxeoloji, etnoqrafik, numizmatik, heraldik məlumatların toplanılması və tədqiqi məqsədilə respublikanın bölgələrinə ekspedisiyaların və ezamiyyətlərin təşkili” mövzusunun icrası məqsədilə Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. N.Quluzadə Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasında (Füzuli və Ağdam rayonları), şöbənin iki əməkdaşı (t.ü.f.d. C.Eminli və L.Mustafayev) Qəbələ arxeoloji ekspedisiyasında iştirak etmişlər. Ekspedisiyalar nəticəsində aşkar olunan bəzi materiallar muzeyə təqdim olunmuşdur. Digər bir ekpedisiya muzeyin etnoqrafları t.ü.f.d. G.Abdulova və t.ü.f.d. T.Şiriyev tərəfindən etnoqrafik çöl materialı və maddi mədəniyyət nümunələrinin toplanması məqsədilə Lənkəran rayonuna təşkil olunmuşdur. Ezamiyyətin əsas məqsədi həsir istehsalı ilə bağlı şifahi və əşyayi məlumat toplamaq və həsirin istehsal texnologiyasını öyrənmək idi. Ekspedisiya üzvləri Lənkəran rayon və Hişkədərə kənd diyarşünaslıq muzeylərində olmuş, ekspozisiyaların təkmilləşdirilməsinə dair təkliflərini bildirmişlər. Etnoqraflar toxuma prosesi ilə tanış olmaqla bərabər  bir sıra etnoqrafik material da əldə etmişlər (mövzunun rəhbərləri: N.Quluzadə, G.Abdulova).

“H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş tədqiqatların aparılması, onların kitab, buklet, albomlar vasitəsilə nəşri” mövzusuna daxil olan “H.Z.Tagıyev haqqında xatirələr” kitabı üçün material toplanmış, kompüter yığımı başa çatmış, giriş mətni yazılmışdır (mövzunun rəhbəri: F.Cabbarov).

          2013-cü ildə nəşr edilməsi nəzərdə tutulan “Şirvanşahlar dövlətində sikkə zərbi” kitab-albomunun hazırlanması məqsədilə Numizmatika və epiqrafika şöbəsinin əməkdaşları 1 ç.v. həcmində mətn hazırlamış, sikkələri seçərək onlara annotasiyalar yazmışlar (mövzunun rəhbəri: Ə.Rəcəbli).

            III Problem “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında cari texniki işlərin aparılması, mühafizənin və təhlükəsizliyin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili” adlanır. Problemə daxil olan “Fond materiallarının işlənməsi, kompüterləşdirilməsi və pasportlaşdırılması” mövzusu (mövzunun rəhbəri: M.Zeynalova) üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:

- elmi fond şöbələri və fondlar 2012-ci ilin iş planına uyğun olaraq fond işi çərçivəsində ekspozisiyaya verilmiş eksponatları aktlaşdırmışlar;

- Beyləqan və Mıngəçevir materialarının işlənməsi, qeydiyyatı və inventarizasiyası işləri davam etdirilmişdir;

- fondlara daxıl olmuş yeni materiallar ilkin işlənərək, inventar kitabında qeydiyyatdan keçirilmişdir (669 s.v.);

Mövzuya daxil olan “Kitabxananın kompüterləşdirilməsi və pasportlaşdırılması” işi cari ildə yerinə yetirilmişdir.

“Fond materiallarının işlənməsi, kompüterləşdirilməsi və pasportlaşdırılması” mövzusuna daxil olan “Muzeyin məlumat bazasının təkmilləşdirilməsi” işi üzrə aşağıdakı işlər yerinə yetirilmişdir: Etnoqrafiya fondu-1100, Numizmatika-1000, Arxeologiya- 813, Neqativ fondu-550, Hədiyyələr və Xatirə Əşyaları-380, Sənədli Mənbələr-200, Köməkçi tarixi fənn materialları fondu-100 eksponatın elektron  pasportunu hazırlamışdır.

2012-ci ildə elmi fond şöbələri və fondlar restavrasiya və konservasiya ediləcək materialların bir qismini muzeyin Bərpa laboratoriyasına təhvil vermiş, 8 fondda qorunan 302 eksponat (metal  əşyalar, saxsı qablar, ağac məmulatları, daş, parça, xalça, boyakarlıq, qrafika)  bərpa və konservasiya edilmişdir.

2012-ci ilin sonuna olan məlumata görə muzeyin kolleksiyasında qeydiyyata alınmış əşyaların sayı 242308 ədəddir. Tarixi Əşyaların Fond-Satınalma Komissiyasının 16 may 2012-ci il tarixli iclasının 1saylı protokoluna əsasən ümumi qiyməti 6200 manat dəyərində qiymətləndirilən 11 ədəd tarixi əhəmiyyətli material  satın alınmış, 231 ədəd eksponat isə Muzeyə hədiyyə kimi qəbul edilmişdir (cəmi 242 ədəd). Ümumiyyətlə isə il ərzində muzeyin fondlarına 534 ədəd yeni eksponat daxil olmuşdur.

IV problem “Elmi maarif, elmi kütləvi işləri”i əhatə edir. Problemin birinci mövzusu “Azərbaycan tarixinin KİV, internet vasitəsilə təbliği, təhsil müəssisələri, ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi”dir (mövzunun rəhbəri: B.Sayılov).

Cari ildə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından Heydər Əliyev Fondunun ingilis və fransız dillərində nəşr etdirdiyi “Azərbaycan tarixi”,  “Sənət inciləri”, “Xalçalar”, “Musiqi alətləri” kitab-albomlar üçün material təqdim olunmuş, muzeyin əməkdaşları N.Vəlixanlı, Ə.Rəcəbli, M.Zeynalova, G.Abdulova həmin nəşrlər üçün mətnlər hazırlamışlar.

 Muzeyin bir sıra əməkdaşı (N.Vəlixanlı, Ə.Rəcəbli, M.Zeynalova, F.Cabbarov, G.Abdulova, S.Vahabova, G.Ağayev, N.Yusifova və b.) muzeyin fəaliyyətinə, Azərbaycan tarixinin müxtəlif problemlərinə dair televiziya, radio, mətbuat və İnternet vasitəsilə çıxış etmişlər. 2012-ci il mayın 30-da AMEA Rəyasət Heyətinin iclasında Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, prof. Əli Rəcəbli “Azərbaycan sikkəsi və dövlətçiliyi” məruzəsi ilə çıxış etmişdir. Məruzə muzeydə qorunan sikkə kolleksiyası əsasında hazırlanmışdır. AMEA Rəyasət Heyətinin “Azərbaycan sikkəsi və dövlətçiliyi” mövzusunda elmi məruzə haqqında 23 may 2012-ci il tarixli 13/1 №-li qərarına əsasən Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan sikkələrinin təbliğ edilməsi üçün çeşidli sikkə bukletlərini hazırlamaq, Numizmatika fondunun elektron pasportlaşdırma işini sürətləndirmək tapşırılmışdır. Qərarda həmçinin müvafiq dövlət qurumları cəlb edilməklə, Azərvaycan ərazisində təsadüfi tapılmış sikkə dəfinələrinə nəzarət və onların toplanılması işinin gücləndirilməsi, tapıntıların dövlət tərəfindən qəbul olunmuş qaydaya əsasən mükafatlandrılması üçün muzeyə əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Hesabat dövründə Elmi maarif və sərgilərin təşkili şöbəsinin əməkdaşları Bakı məktəbləri arasında Azərbaycan tarixinin təbliği və öyrədilməsi məqsədilə 6 intellektual oyun keçirmiş, 50 idarə və təşkilatla muzey ilə əməkdaşlıq barədə müqavilələr imzalanmışlar.

Şöbə əməkdaşları muzeydə təşkil olunan konfransların, seminarların və sərgilərin  təşkilində və keçirilməsində iştirak ediblər. Muzeydə 20 Yanvar, Xocalı faciəsi, 31 mart - azərbaycanlıların soyqırımı günü və Şuşa şəhərinin işğalına həsr olunmuş anım mərasimləri, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə, Dövlət Bayrağı Gününə və Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.

Muzeyin İnternet saytının idarə olunması, yeni məlumatların yerləşdirilməsi şöbə əməkdaşları tərəfindən həyata keçirilir. Muzeyin fəaliyyətinə aid fotokolleksiyanın yaradılması başa çatmışdır.

      12 fevral 2012-ci ildə Muzeydə mənəvi mədəniyyətin təbliği məqsədilə Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları “Xıdır Nəbi” bayramını təşkil etmişlər.  2012-ci ildə muzeydə 230 fərdi və 570 kütləvi ekskursiya aparılmış, hesabat dövründə muzeyi 10800-dən artıq insan ziyarət etmişdir. Ziyarətçilərdən 200 nəfər arasında anket sorğusu aparılmış və sorğuların nəticələri təhlil edilmişdir.

 

            Nəşriyyat fəaliyyəti, elmi məqalələr:

Cari ildə 4 kitab, 4 kataloq və 3 buklet çap edilmişdir:

            1. Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpoziumun məruzələri. 166 səh.

            2. “Muzey eksponatlarının ikinci həyatı-2” kataloqu. 32 səh.

            3. З.Дулаева, Ф.Джаббаров, Ф.Багиров, Ф.Агаев. Они сражались за Беларусь… (Участие азербайджанцев в освобождении Беларуси). 208 səh.

4. “Azərbaycanın müdafiə silahları” kataloqu. 80 səh. (Mətnin müəllifi: S.Vahabova).

            5. “Qafqaz Albaniyasının epiqrafik abidələri” bukleti (Azərbaycan, ingilis, rus dillərində) (tərtibçi: T.İbrahimova). 6 səh.

            6. “Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları” bukleti (Azərbaycan, ingilis, rus dillərində) (tərtibçi: T.İbrahimova). 6 səh.

            7. “Xurşidbanu Natəvan -180” bukleti (tərtibçilər: G.Abdulova, N.Seyidzadə və b.). 20 səh.

            8. “Mirzə Fətəli Axundzadə-200” kataloqu (tərtibçilər: Z.Dulayeva, G.Abdulova və b.). 58 səh.

            9. “Şirvanın bədii metalı” kataloqu (çapdadır).

10. “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” II respublika elmi konfransının materialları (çapdadır).

11. М.Мамедов. Акцизная политика царизма в Азербайджане в XIX веке (çapdadır).

12. G.Abdulova. Atalar sözləri və məsəllərin etnoqrafik mahiyyəti (çapdadır).

 

            Cari ildə muzey əməkdaşlarının 50-yə yaxın elmi məqaləsi çap olunmuşdur. Bunlardan xarici ölkələrdə:

  1. Nərgiz Əliyeva. Əl-Arab fi fəcri-l islam. “Əl-Bəisun” məcəlləsi. Dəməşq, 2012, s.124-133.
  2. Həbibə Əliyeva. Azərbaycanın epiqrafik abidələri Gürcüstan muzeylərində / “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” Beynəlxalq simpoziumun materialları. Tbilisi, 2012, s. 96-97.
  3. Səidə Həmzəbəyova. “Qafqaz xalqlarının tarixi (görkəmli şərqşünas V.F.Minorskinin tədqiqatlarına əsasən) / “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası”  Beynəlxalq simpoziumun materialları. Tbilisi, 2012, s. 58–60.
  4. Агаселим Эфендиев. Традиции эпической иллюстрации тебризской миниатюры во второй половине XVI века. Творчество Шамседдина // IRS-Наследие. 2012, № 2 , с.34-39 (совместно с Дж.Гасанзаде).
  5. Агаселим Эфендиев. Тема Вознесения. Мифологические образы в тебризской миниатюрной живописи // IRS-Наследие. 2012, № 3, с. 16-19 (совместно c Дж.Гасанзаде).
  6. Afət Rüstəmbəyova. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında süjetli qələmkarlar // III Uluslararası Türk Əl toxumaları və ənənəvi sənətlər Konqresinin məqalələri. Konya, 2012.

 

Muzeydə keçirilmiş konfranslar, seminarlar, sərgilər

Cari ildə muzeydə bir beynəlxalq konfrans, bir respublika səviyyəli konfrans, bir elmi seminar və altı sərgi keçirilmişdir.

Mayın 16-da «Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycanın arxeoloji irsinin öyrənilməsi» mövzusunda elmi seminar təşkil edilmişdir. Seminarda Muzeyın Arxeologiya elmi fond şöbəsinin müdiri N.Quluzadə «Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irsimiz: dünən və bu gün», AMEA-nın müxbir üzvü, prof. İ.Babayev «Son illərdə Qəbələdə aparılan arxeoloji qazıntıların nəticələri», t.e.d., prof. Ə.Rəcəbli «Muzey ekspozisiyasında nümayiş etdirilən numizmatik materialların Azərbaycan tarixinin öyrənilməsində rolu», t.e.d., prof. Q.İsmayılzadə «Mingəçevir qazıntıları Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələ kimi» mövzularında məruzələrlə çıxış etdilər. Seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin tələbələri iştirak etdilər. Məruzələrin dinlənilməsindən sonra onların ətrafında müzakirələr aparıldı.

İyunun 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” adlı II respublika elmi konfransı keçirildi. Konfransda respublikada fəaliyyət göstərən muzeylərin, elmi tədqiqat və təhsil müəssisələrinin 40-dək əməkdaşı iştirak etdi. Muzeylərdə elmi, fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, Azərbaycan tarixinin təbliğində muzeylərin rolu, muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri mövzusunda məruzələr dinlənildi. Konfransın yekununda çıxışlar ətrafında müzakirələr aparılmış, muzeylərin qarşısında duran problemlərin həlli istiqamətində təkliflər verilmişdir.

Oktyabrın 2-5-i Muzeydə IV Beynəlxalq Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər Konqresi təşkil olundu. Konqres Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi, Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə keçirildi. Azərbaycan və Türkiyə alimləri iştirak etdikləri konqresdə türk əl toxumalarının və ənənəvi sənətlərin (dulusçuluq, xəttatlıq və s.) tarixindən və keçdiyi təkamül yolundan, hazırlanma texnologiyasından, onların tarixi-mədəni əhəmiyyətindən bəhs edən məruzələr dinlənildi. Konqres iştirakçılarının əl işlərindən ibarət kiçik sərgi də nümayiş olunmuşdur. Konqresin rəsmi bağlanışından sonra iştirakçılar üçün mədəni proqram təşkil olundu. Qobustan qoruğuna və Mərdəkan qalasına təşkil olunan ekskursiya qonaqların xüsusi marağına səbəb oldu.

             Yanvarın 17-dən fevralın 20-dək muzeydə “Muzey eksponatlarının ikinci həyatı-2” sərgisi keçirildi. Bu mövzuda artıq ikinci dəfə keçirilən sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin bərpa olunmuş eksponatları nümayiş olunmuşdur. Bu eksponatlar illərlə muzeyin fondlarında qorunub saxlanılıb və ölkə prezidenti cənab İlham Əliyevin 16 mart 2011-ci il tarixli sərəncamı ilə onların bərpası üçün maliyyə vəsaiti ayrılmışdır. Eksponatlar muzeyin Bərpa laboratoriyasının, Mədəniyyət və Turizm Nazirliyinin Elmi Bərpa Mərkəzinin və Yaradıcı Qadınlar Assosiasiyasının əməkdaşları tərəfindən bərpa olunmuşdur. Nümayiş etdirilən eksponatlar arasında bərpa olunmuş xalçalar, quramalar, tikmələr, milli geyimlər, şəbəkə, qrafika və rəsm əsərləri, gümüş kəmərlər, təxminən 2500 yaşı olan kiçik qızıl heykəl, afişalar, tanınmış insanların (Sidqi Ruhulla, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Nəriman Nərimanov, akademik Heydər Hüseynov) şəxsi əşyaları, sikkələr, arxeoloji materiallar (bunların içində çox böyük maraq yaradan, 1985-ci ildə Ağdamda arxeoloq İdeal Nərimanov tərəfindən tapılmış V minılliyə aid Dolixokran tipli qadın kəlləsi) və s. xüsusi maraq doğurur. Sərgi zamanı həmçinin Yaradıcı Qadınlar Assosiasiyasının hazırladığı, bərpa işlərinə həsr olunmuş film və muzeyin nəşr etdirdiyi “Muzey eksponatlarının ikinci həyatı-2” kataloqu təqdim olunmuşdur.

            Martın 1-də Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal - Kon-Tiki adamı" ("Thor-Heyerdahl – The Kon-Tiki Man") sərgisinin açılış mərasimi keçirildi. Tədbirin təşkilatçıları Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən  Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi idi. Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıq və fılm nümayiş olundu. Bundan əlavə Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış 2006-cı ildə Norveçin Stavanger şəhərində keçirilmiş "Karvansara - Azərbaycan: dünən və bu gün" sərgisinin fotoları da nümayiş edildi. Sərgi mayın 31-dək fəaliyyət göstərmişdir.

            “Azəbaycan rəssamlarının əsərləri muzey kolleksiyasında” sərgisisində (iyun-sentyabr)  muzeyin Təsviri materiallar fondunda qorunan 62 rəsm əsəri, o cümlədən,  Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Lüdviq Knit, Əzim Əzimzadə və digər məşhur rəssamların əsərləri nümayiş edilmişdir. Ayrıca üç vitrində S.Bəhlulzadənin əsərləri, sənədləri və şəxsi əşyaları nümayiş olundu. Azərbaycanın tarixi, məişəti, mədəniyyəti və təbiətinə həsr olunmuş bu əsərlər arasında rəssamlardan T.Nərimanbəyov, O.Sadıxzadə və A.Hacıyevin Azərbaycanın orta əsrlər tarixinə aid əsərləri xüsusilə böyük maraq kəsb edir. Sərgi üç ay davam etmişdir.

Oktyabrın 3-də muzeydə “Torpağa sancılmış qılınc” sərgisi açılmışdır. 190 ədəd silahın nümayiş olunduğu sərgi Azərbaycanın hərb tarixini, hərbi adət-ənənələrini əks etdirməklə yanaşı, həm də gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, milli dəyərlərimizə hörmət və ehtiram olunmasına xidmət edir. Sərgidə Azərbaycanın bölgələrindən arxeoloji qazıntılar zamanı tapılmış xəncərlər, daş toppuzlar, bıçaqlarla bərabər yerli silahsazlar tərəfindən hazırlanmış müxtəlif çeşidli tüfənglər, tapancalar, xəncərlər, zirehli geyimlər də nümayış edilmişdir. Sərgi yanvarın 15-dək davam edəcək.

Cari il noyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birlikdə “Nizami Gəncəvi 870 - “Şərq inciləri” sərgisini təşkil etmişdir. Sərginin əsas məqsədi Nizami Gəncəvi irsinin araşdırılması, şairin bütün əsərlərində qeyd olunan ümümbəşəri dəyərlərin, dinlər, mədəniyyətlərarası dialoqun təbliğ olunmasıdır.

Cari  ilin dekabr ayında təşkili nəzərdə nutulmuş “Azərbaycan neft sənayesinin təşəkkülü və inkişafı” sərgisi üçün fotoşəkillər və əşyayi materiallar ayrılmış, posterlər yazılmış, habelə mövzu-ekspozisiya planının bütün bölmələri hazırlanmışdır.          

 

Beynəlxalq əlaqələr

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri çərçivəsində 2012-ci il aprelin 5-də “Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu” imzalanmışdır. Memorandumda iki muzey arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması, ümumi layihələrin, o cümlədən, sərgi və konfransların keçirilməsi, qarşılıqlı nəşr mübadiləsi və digər məsələlər nəzərdə tutulmuşdur. Çexiya Milli Muzeyinin dəvəti ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik N.Vəlixanlı və elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. M.Zeynalova iyunun 5-10-da Praqa şəhərinə ezam olunmuşlar. Səfərin məqsədi iki muzey arasında əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi, birgə sərgilərin keçirilməsi haqqında razılaşma əldə etmək idi. Danışıqlar nəticəsində 2013-cü ilin 1-ci yarısında Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya qranatı (süleyman daşı)” sərgisinin, 2014-cü ildə isə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından ibarət sərginin Çexiyada keçirilməsi haqqında razılıq əldə edildi. Oktyabrda Çexiya Milli Muzeyinin nümayəndələri Bakıda olmuş və MATM-nin rəhbərliyi ilə “Çexiya qranatı” sərgisinin keçirilməsi ilə əlaqədar təşkilati məsələləri müzakirə etmişlər.

            Cari ilin əvvəlində Milli Azərbaycan Tarixi Muzeyi Avropa və Asiyanın muzeylər şəbəkəsi - ASEMUS-un layihəsi olan “Şah əsərlərin virtual kolleksiyası”na qoşulmuşdur (http://masterpieces.asemus.museum). Layihənin məqsədi muzeylər arasında əlaqələri genişləndirmək, İnternet vasitəsilə muzey kolleksiyalarında olan ən nadir eksponatları nümayiş etdirmək, ölkələrin milli mədəniyyətini təbliğ etməkdir. Yüzdən artıq muzey ASEMUS layihəsində təmsil olunub. Onların içərisində Avstriya, Çin, Almaniya, Yaponiya, Hindistan, Pakistan, İtaliya, Fransa muzeyləri də vardır. MDB məkanında yalnız iki dövlət – Rusiya və Azərbaycan “Şah əsərlərin virtual kolleksiyası”nda iştirak edir.

Muzey əməkdaşları Çexiyanın Ostrava şəhərində keçirilən Azərbaycana həsr olunan sərgi üçün material seçmiş, sərginin kataloqu üçün mətnlər hazırlamışlar. Sərgilənəcək eksponatlar oktyabrda Ostrava Milli Muzeyinə göndərilmişdir. Sərgi dekabrın 18-də açılmışdır. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 104, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin 118 adda müxtəlif çeşidli eksponatları nümayiş etdirilirdi. Bu eskponatlar içərisində orta əsrlərə aid müxtəlif təyinatlı soyuq silahlar, çaxmaqdaşlı tüfəng və tapancalar, müdafiə silahları sayılan zirehlər, dəbilqələr, sinəbəndlər; qədim dövrlərə aid sikkələr, XVIII-XIX əsrlərin zərgərlik məmulatlarından qızıl və gümüş bəzək əşyaları, Azərbaycan məişətini əks etdirən mis qablar, nəfis tikmə nümunələri, Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərinin ənənlərini göstərən xalça və xalça məmulatları vardı. Sərgi çərçivəsində çap olunan “Əbədi odlar yurdu” kitabının 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunub. Kitabın tərtibatında maraqlı üslub seçilmişdir: Azərbaycan tarix və incəsənətinin müxtəlif səhifələri Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunmuş məqalələr vasitəsilə oxuculara təqdim olunur. Kitabda həm azərbaycanlı, həm də çex tədqiqatçılarının Azərbaycanın tarixi-mədəniyyət abidələri, XVIII-XIX əsrlər Azərbaycan misgərliyi, zərgərlik məmulatları, orta əsr Azərbaycan sikkələri, silahları haqqında məqalələri yer alıb.

         Azərbaycan-Vatikan diplomatik əlaqələrinin qurulmasının 20 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə 14 noyabr 2012-ci ildə Vatikanda “Azərbaycan inciləri” adlı sərginin  açılışı oldu. Sərgidə Azərbaycanın maddi mədəniyyət sərvətlərini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyinə məxsus 47 eksponat nümayiş edildi. Sərgini 7800 tamaşaçı ziyarət etmişdir.

Hesabat dövründə muzey əməkdaşları aşağıdakı beynəlxalq elmi tədbirlərdə iştirak etmişlər:

1. Bakiy Urmançe yaradıcılığına həsr olunmuş IV beynəlxalq elmi-praktik konfrans. Tatarıstan Respublikası, Qazan şəhəri, 21-22 fevral (A.Əfəndiyev)

2. Professor Valeh Hacıların xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqokulturologiya” mövzusunda” beynəlxalq simpozium. Tbilisi, 18-21 aprel (H.Əliyeva, S.Həmzəbəyova).  .

3. «Perspektiva-2012» mövzusunda elmi konfrans. Rusiya Federasiyası, Nalçik şəhəri, 27-30 aprel (N.V.Quluzadə)

4. Akademik Z.Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” Beynəlxalq elmi simpozium. Bakı, 7-8 may (N.Vəlixanlı, N.Əliyeva, Ə.Fərhadov, A.Əhmədov, A.Məmmədova).

5. «Dünya təhsil məkanında fəaliyyət göstərən mədəniyyət və incəsənət ali təhsil müəssisələri: rus-slavyan mədəni ənənələri və qarşılıqlı əlaqələri» adlı VI beynəlxalq simpozium. Rusiya Federasiyası, Bryansk şəhəri, 30 may-2 iyun (S.Həmzəbəyova).

  1. “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” adlı II beynəlxalq elmi konfransı. Bakı, 7-9 iyun (N. Yusifova).
  2. «Qafqazın arxeologiyası, etnologiyası və folkloristikası» beynəlxalq elmi konfrans. Gürcüstan, Axalsix şəhəri, 26-30 iyul (A.Əfəndıyev).
  3. II Beynəlxalq Türkoloji Simpozium və simpozium çərçivəsində Azərbaycan-Polşa diplomatik münasibətlərinin qurulmasının 540 və bərpasının 20 illiyi ilə əlaqədar Azərbaycana həsr olunmuş xüsusi panel. 12-14 sentyabr (N.Vəlixanlı).
  4. VI Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası simpoziumu. İtaliya, Milan, 17-21 sentyabr (N.Əliyeva, H.Əliyeva).
  5. VII Beynəlxalq Türk dili Qurultayı. Türkiyə, Ankara, 24-28 sentyabr (G.Abdulova).
  6. IV Beynəlxalq Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər Konqresi. Bakı, 2-5 oktyabr (G.Abdulova, H.Əliyeva, X.Əsədova, S.Vahabova, G.Bağırova, S.Nəsirova).
  7. IV Avrasiya Arxeologiya Konfransı. ABŞ, Nyu-York, 11-15 oktyabr (S.Həmzəbəyova) .
  8. “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda holokostun önlənməsində rolu” Beynəlxalq simpozium. Bakı, 17-19 oktyabr (F.Cabbarov).
  9. “Azərbaycan inciləri” sərgisinin qurulması və açılışında iştirak. Vatikan, 9-17 noyabr (N.Vəlixanlı, M.Zeynalova).
  10. Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi üçün muzey eksponatlarının aparılması. Çexiya, Ostrava, 22-26 noyabr (S.Vahabova).
  11. III Beynəlxalq memarlıq, bərpa və konservasiya konfransı. Birləşmiş Ərəb Əmirlikləri, Dubay, 17-21 dekabr (H.Əliyeva, S.Həmzəbəyova).

 

Kadr hazırlığı

Cari ildə muzeydə 167 nəfər əməkdaş fəaliyyət göstərmişdir. Onlardan 44 nəfər elmi işçi, o cümlədən, 3 nəfər elmlər, 18 nəfər fəlsəfə doktorudur. Muzeyin fəlsəfə doktoru hazırlığı üzrə 12 doktorantı (7 – fəlsəfə doktoru, 5 – elmlər doktoru hazırlığı üzrə) və 7 dissertantı (6 – fəlsəfə doktoru, 1 – elmlər doktoru hazırlığı üzrə) var. 2012-ci ildə muzeyin elmi işlər üzrə direktor müavini N.Əliyeva tarix elmləri doktoru, dissertantlar M.Zeynalova və S.Vahabova isə tarix üzrə fəlsəfə doktoru dərəcələrini almışlar. Muzeyin doktoranturasını və dissertanturasını ötən illərdə bitirmiş A.Əhmədov BDU-nun nəzdindəki Müdafiə Şurasının elmi seminarından keçmiş, A.Məmmədova, F.Ağayev və G.Həsənova isə təhkim olunduqları şöbələrdən müzakirələrdən keçərək sənədlərini Müdafiə Şurasına təqdim etmişlər.

 

            Elmi-təşkilati fəaliyyət

Cari ilin sonunda muzeyin strukturunda dəyişiklik aparılmışdır: Elmi maarif və sərgilərin təşkili şöbəsi Elmi maarif şöbəsinə çevrilmiş, yeni – Xarici əlaqələr və sərgilərin təşkili şöbəsi yaradılmışdır. Elmi Şuranın 10 iclası keçirilmiş, 2011-ci ildə başa çatmış elmi tədqiqat mövzularının hesabatları dinlənilmiş, 2012-ci ildə çap olunacaq işlərin cari vəziyyəti müzakirə olunmuş, doktorant və dissertantların hesabatları və iş planlarına, təşkilati və kadr məsələlərinə baxılmışdır.

 

 

Elanlar