az
en
Bu gün: 21 Iyul 2017
Orta əsr Ağsu şəhərində 2010-cu il arxeoloji tədqiqatları

Yazılı qaynaqlarda Ağsu və ya Yeni Şamaxı kimi xatırlanan, xalq arasında Ağsu qalası və ya Xaraba şəhər kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüc, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir.

Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin hücumu ərəfəsində əhali və şəhər ələ keçməsin deyə Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub.

Şəhər ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 585, şimal divarlarının uzunluğu 580, şərq divarlarının uzunluğu 580, qərb divarlarının uzunluğu isə 600 metrdir. Cənub-qərb və cənub-şərq tərəfdə qala divarlarından təqribən 10-15 m içəridə hündürlüyü təqribən 10, diametri 16-18 m olan iki süni təpə var. Ilk baxışda elə təssürat yarana bilər ki, bu təpələr qala bürclərdir. Əslində isə bu, o qədər də inandırıcı deyil. Yəni, həmin təpələrin əslində qala divarlarına heç bir aidiyyatı yoxdur. Onların müşahidə məntəqəsi olduğu ehtimal edilir.

Abidənin ətrafında 4 qəbiristan var. Onlardan daha yaxşı qalanı şimal istiqamətindədir. Oradakı qəbir daşlarının bir qismi XVIII əsrin sonlarına aiddir. Qəbristanda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.

Ağsu son orta əsr şəhər yerində ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Əsasən kəşfiyyat xarakteri daşıyan həmin tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Ağsu son orta əsr şəhər yeri birtəbəqəli abidədəir. Orada mədəni təbəqənin qalınlığı 1,4-1,6 m-dir. Qazıntı nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir.

Ağsu şəhər yeri Azərbaycanda nadir arxeoloji abidələrdəndir ki, şəhər süqut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı təsərrüfat işləri aparılmayıb. Bu, o deməkdir ki, orada şəhərin tikintiləri, istehsalat ocaqları, küçə və meydanları digər abidələrlə müqayisədə daha yaxşı qalmışdır. Bütün bunlar isə bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin daxili plan quruluşunu, memarlıq xüsusiyyətlərini, abadlıq, sanitariya və su təchizatı məsələlərini, şəhər sənətkarlığının inkişaf səviyyəsini, ayrı-ayrı sənət sahələrində müşahidə olunan inkişaf və ya tənəzzül meyillərini öyrənmək baxımından son dərəcə mühüm elmi əhəmiyyət kəsb edir. Başqa sözlə, Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir. Bütün bunları nəzərə alaraq «Miras» Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə bu ilin mart ayından etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlayib.

Ötən 6 ay ərzində 3500 kvadratmetrədək sahədə arxeoloji qazıntılar davam etdirilmişdir. 600 kvadratmetrdən çox ərazini əhatə edən III qazıntı sahəsində tədqiqatlar tam şəkildə başa çatdırılmışdır və onun nəticələri barədə ötən görüşlərimizdə artıq sizlərə ətraflı məlumat verilib. Təqribən 2300 kvadratmetrə yaxın ərazini əhatə edən IV qazıntı sahəsində isə tədqiqatlar qismən başa çatdırılıb. 500 kvadratmetr sahəni əhatə edən V qazıntı sahəsində isə işlər yeni başlanıb. IV qazıntı sahəsi hələlik Azərbaycan ərazisində qısa zaman kəsiyində arxeoloji cəhətdən öyrənilmiş ən geniş sahədir. Bu ərazidə qala divarlarının bünövrə hissəsinin qalıqları aşkara çıxarılıb. Qala divarları XVIII əsrin 30-40-cı illərində yonulmuş çay daşından xəndəyin içəri tərəfi boyunca tikilib.

Qazıntı sahəsinin 1 və 1a kvadratlarında qala divarlarına bitişik olan iki otaqdan ibarət (uzunluğu 17.70 m, eni 5 m) yaşayış binasının qalıqları aşkar edilib. Otaqlardan birinin sahəsi 30,2, digərinin sahəsi isə 15 kvadratmetrdir. Otaqların hər ikisinin içərisində ocaq qalıqları qeydə alınıb. Böyük otaqda dərinliyi təqribən 6, ağzının diametri isə 1.3 m olan quyu aşkar edilib. Otaqlar arasında qapı olsa da hər birinin cənub istiqamətdə olmaqla ayrıca giriş qapısı var. Kiçik otaqda 1 pəncərə, 3 taxça, böyük otaqda isə 2 pəncərə və 4 taxça yeri qeydə alınıb. Otaqların qapı və pəncərələri cənub istiqamətindədir. Diqqəti çəkən amillərdən biri də odur ki, qeyd olunan otaqların içərisindən çoxlu miqdarda səliqə ilə yonulmuş iri ölçülü mədən daşları aşkar olunub. Bu daşların bir qismindən pəncərə və taxça altlığı, digər bir qismindən isə ocaqlar ətrafında kürsü əvəzi kimi istifadə olunduğu güman edilir. Deyilənlərə onu da əlavə edək ki, ikiotaqlı binanın qarşısı başdan-başa xüsusi olaraq yonulmuş daş pilitələrlə döşənmişdir.

IV qazıntı sahəsində qeydə alınan maraqlı tikintilərdən biri də 6b və 6c kvadratlarında aşkar edilib. Bir otaqdan ibarət olan həmin tikinti (uzunluğu 7 m, eni 4,30 m) yonulmuş çay daşından inşa edilib. Binanın giriş qapısı və pəncərəsi cənub istiqamətdəndir. Divarlarında 4 yerdə (ikisi arxa divarda və kəllə divarların hərəsində bir ədəd olmaqla) taxça var. Taxçalar olan hissədə divar adətən təkqat hörülüb. Etnoqrafik müşahidələrə əsasən bu cür taxcalar qab-qacaq və yorğan-döşək yığmaq üçün nəzərdə tutulur. Bunlar müasir tikililərdə geniş istifadə olunan divar şkafları funksiyasını icra edib. Binanın içərisində bir ədəd təndir qalığı (döşəmənin altında), yan-yana olmaqla iki ocaq aşkar edilib. Binanın döşəməsinin altında saxsı borulardan ibarət su xətti də aşkar edilib. Həmin su xətti binanın qarşısındakı meydanda səliqə ilə tikilərək içərisi suvanmış kiçik çarhovuzla birləşir. Maraqlı məqamlardan birisi də odur ki, qeyd olunan binanın içərisində ucub tökülmüş vəziyyətdə olan çoxlu divar – karniz bəzəkləri aşkar edilib. Hazırda ekspedisiya heyəti bəhs olunan binanın təyinatını öyrənmək istiqamətində araşdırılmaları davam etdirir.

IV qazıntı sahəsinin ən maraqlı tapıntısı 6-a, 6 və 6a kvadratlarında aşkar olunmuş hamam kompleksidir. Uzunluğu təqribən 25 m, eni isə 6,5 m olan bu kompleksin döşəməsi, divarları, qapı yerləri, çarhovuzu, tağlarının bir hissəsi, ocaq yeri tam salamat vəziyyətdə aşkara çıxarılmışdır. Qeyd edək ki, hamam tikilən ərazidə mədəni təbəqənin qalınlığı 3,4 metrə çatır. Hamam-kompleks bir neçə zaldan ibarətdir. Onların içərisində su qızdırmaq üçün ocağa çıxışı olan xüsusi dəlik, xüsusi hovuz və soyunub geyinmə zalları mövcuddur. Hamam-kompleksin divarları çay daşından, onların üstünün tağ hissəsi isə bişmiş kərpicdən hörülüb. Hamamın içərisi təmizlənərkən oradan bir ədəd üzərində bir neçə yerdə dəliyi olan günbəzvari daş tapılıb. Ehtimal ki, həmin daş hamam otaqların birinin üstünün tağ hissəsinə aiddir və onun üzərindəki dəliklər içərini işıqlandırmağa xidmət etmişdir. Orta hissədə nəfis memarlıq stilində tikilmiş kiçik çarhovuz, onun ətrafinda tağlı hücrələr altında xüsusi kürsülər, oradan hamam otağına olan tunelə bənzər romantik keçid – bütün bunlar Ağsu sakinlərinin zövqündən, yerli ustaların peşəkarlığından, sosial-məişət və sanitariya məsələlərinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.       

Maraqlı tapıntılardan biri də şəhərin su təhcizatı və kanalizasiya şəbəkəsinə aid qurğulardır. Xatırladım ki, IV qazıntı sahəsidə bir neçə yerdə saxsı borular və ya ətrafı daşla hörülən su xətləri aşkar edilib. Zahiri əlamətlərinə görə su xətlərindən az seçilən kanalizasiya xətləri də hər tərəfi daşla hörülən xüsusi arxlardan ibarətdir. Başlanğıcını şimal qala divarları istiqamətindən götürən su xətlərindən biri hamam-kompleksə daxil olur. Su və kanalizasiya xətlərinin üstü bir qayda olaraq iri sal daşlarla örtülüb. Kanalizasiya xətlərindən birinin üzərində çoxləçəkli gülə bənzər deşikləri olan və yağış sularının şəbəkəyə axıdılmasına xidmət edən xüsusi daş pilitə aşkar olunmuşdur.

Şəhər topoqrafiyası ilə bağlı ayrı-ayrı problemlərin öyrənilməsi iri miqyaslı qazıntıların başlıca məqsədlərindəndir. Bu sahədə qarşıda duran ən ciddi məsələlərdən biri şəhərin məhəllələrinin, küçə və meydanlarının, ictimai binaların, yaşayış evlərinin, yardımçı tikililərin plan və memarlıq xüsusiyiyətlərinin öyrənilməsidir. Artıq bu istiqamətdə də müəyyən nəticələr var.

 

Tarix elmləri doktoru  Qafar Cəbiyev

 Tarix elmləri namizədi Fariz Xəlilli

Elanlar