az
en
Bu gün: 20 Oktyabr 2017
Bu gün Əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Mustafayev Alı Mustafa oğlunun аnаdаn оlmаsının 65 illiyidir.

Alı Mustafa oğlu Mustafayev 1952- ci il aprel ayının 14-də Qazax rayonunun Qazaxbəyli kəndində, fəhlə ailəsində doğulmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə ordu sıralarında xidmətdə olmuşdur. 1973-cü ildə əsgəri xidmətini başa vurduqdan sonra Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Zavodda işlədiyi müddətdə “Elektrik” qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış etmişdir. 

A.Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişiylə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə daxil olmuş, 1981-ci ildə təhsilini bitirib, Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlamışdır. Çox keçmir ki, “İlin ən yaxşı jurnalisti”, “Qızıl Qələm” mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək, Bakı Ali Partiya Məktəbini də bitirir. 
1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur. 
Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reporajlar hazırlamağa birinci gedirdi. Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdı. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinməmiş, dəfələrlə ölümdən qayıtmışdır. 
1991-ci il noyabr ayının 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına, respublikanın “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. 
Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır. Bakının 3-cü mikrorayonundakı küçələrindən birinə qəhrəmanın adı verilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Sənədli Mənbələr və Hədiyyələr və Xatirə Əşyaları fondlarında Milli Qəhrəmana aid materiallar mühafizə olunur.

Mənbə: Əlamətdar və tarixi günlər təqvimi -2017. Bakı, 2016.

Elanlar