az
en
Bu gün: 20 Oktyabr 2017
Bu gün SSRİ Хаlq аrtisti, müğənni Məmmədоvа Şövkət Həsən qızının аnаdаn оlmаsının 120 illiyidir.

Şövkət Həsən qızı Məmmədova 1897-ci il aprel ayının 18-də Gürcüstanın Tiflis şəhərində, kasıb pinəçi ailəsində anadan olmuşdur. 6 yaşında ikən Tiflisdə özəl məktəbdə təhsil almış, valideynləri Şövkətin musiqiyə olan marağını görüb onu uşaq musiqi məktəbinin fortepiano sinfinə yazdırmışlar.

Atası 1910-cu ildə onu Bakıya göndərmiş, Şövkət Romanovlar Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinfində dərs almağa başlamışdır.

Ş.Məmmədova 1911-ci ildə Zeynalabdin Tağıyevin köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olmuş və burada məşhur müğənni Dotti Ambroziodan dərs almağa başlamışdır. Lakin 1912-ci ildə ona olan kömək kəsilmiş və Ş.Məmmədova vətənə qayıtmalı olmuşdur.

1912-ci ildə Bakının Tağıyev Teatrında ilk dəfə professional ifaçı kimi çıxış etmişdir. Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parçanı ifa edən Ş.Məmmədova konsertdən əldə olunan pul ilə İtaliyada təhsilini davam etdirməli idi. Lakin tamaşadan toplanan 1500 manat pul müsadirə olunmuş və Şövkət Tiflisə qayıdaraq orta məktəbi bitirmişdir.
Şövkət Məmmədova 1915-ci ildə daxil olduğu Kiyev Konservatoriyasını bitirib Bakıya qayıdaraq ilk dəfə Üzeyir bəyin “Arşın mal alan” operettasında Gülçöhrə rolunda çıxış etmiş, az sonra repertuarını genişləndirərək Avropa və Azərbaycan operalarında yeni-yeni obrazlar yaratmağa başlamışdır. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdə texnikumun direktoru işləmişdir. Bu Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Azərbaycanda ilk not nəşriyyatı da Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılmışdır. O, ilk azərbaycanlı müğənnidir ki, 1925-ci ildə Fransada qrammofon valı buraxılmışdır.
1945-ci ildə Azərbaycan Teatr Cəmiyyəti təsis edilmiş və onun ilk sədri Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər çalışmışdır. Eyni zamanda, 1945-ci ildə Üzeyir Hacıbəylinin rektor olduğu Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. 1946-1947-ci illərdə konservatoriyada Vokal kafedrasının müdiri, 1946-1950-ci illərdə həmin kafedranın dekanı olmuşdur. 2 iyul 1949-cu ildə profossor elmi rütbəsini almışdır. 
 Azərbaycan Opera və Balet Teatrında 1921-ci ildən 1948-ci ilədək fasilələrlə solist işləmişdir. 
Şövkət xanım Məmmədova 1938-ci ildə SSRİ-nin “Xalq artisti” fəxri adına layiq görülmüşdür. 
Azərbaycan SSR Ali Sovetinin dörd çağırış deputatı olmuş, iki dəfə “Lenin” iki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Müxtəlif Beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü seçilmişdir. 
Şövkət xanım Məmmədova 1981-ci il iyun ayının 8-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Sənədli Mənbələr və Hədiyyələr və Xatirə Əşyaları fondlarında Xalq Artistinə aid materiallar mühafizə olunur.

Mənbə: Əlamətdar və tarixi günlər təqvimi -2017. Bakı, 2016.

Elanlar