az
en
Bu gün: 29 Mart 2017
Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təklif edilib

imgNoyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasına həsr edilmiş mətbuat konfransı keçirilib.

Məlumat verilib ki, komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 9-cu sessiyasının gündəliyinə üzv dövlətlər tərəfindən Ümumdünya İrs Siyahısına daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq bu siyahıda olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və digər məsələlər daxildir.

2015-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına 45 nominasiya təqdim edilib. Bunlardan 8 nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına, 35 nominasiya isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim olunub. Azərbaycan reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi təşkilatın ən nüfuzlu komitələrindən hesab olunur. Üzv dövlətlər bu komitəyə müvafiq nominasiyalar təqdim edərək öz ölkələrinin mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq və onun mühafizəsini təşkil etmək imkanı qazanırlar.

Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

 

 

Elanlar