az
en
Bu gün: 13 Noyabr 2018
I dünya müharibəsində azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə barəsində kitab işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyində I dünya müharibəsində azərbaycanlılardan ibarət yeganə milli hərbi hərbi hissə barəsində kitab işıq üzü görüb. “Azərbaycanlılar I dünya müharibəsi cəbhələrində: Tatar atlı alayı” (“Азербайджанцы на фронтах Первой мировой войны: Татарский конный полк”. Б., 2014, 246 с.)adlı kitabın müəllifi t.ü.f.d. Səbuhi Əhmədovdur.

Belə ki, Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə Muzeydə “Azərbaycan I dünya müharibəsi illərində” bölməsinin yenidən qurulması prosesində Azərbaycan və Rusiya arxivlərindən, muzeylərindən, müvafiq elmi ədəbiyyatdan yeni materiallar toplanmışdır və onların bir hissəsi elmi redaktoru t.ü.f.d. Fərhad Cabbarov olan yeni kitabda öz əksini tapmışdır.

Toplanmış materiallar əsasında I dünya müharibəsində azərbaycanlılardan ibarət yeganə milli hərbi hərbi hissə - Tatar (Azərbaycan) atlı alayının formalaşması, strukturu, döyüş fəaliyyəti göstərilmiş, alayda xidmət etmiş şəxsi zabit və atlıların bir çoxlarının bioqrafiyaları öyrənilmişdir. Qeyd etmək lazımdır ki, istər vətən, istərsə də xarici tarixşünaslıqda bu alayın yaradılması və fəaliyyəti indiyənədək xüsusi tədqiqat obyekti olmamışdır. Kitbada verilən materialların bir hissəsi, eləcə də 100-ə yaxın fotoşəkillərin böyük hissəsi ilk dəfə olaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim olunur. Müəllif giriş sözündə qeyd etmişdir ki, kitabın yazılmasında əsas məqsəd - Muzeyində I dünya müharibəsində azərbaycanlılardan ibarət yeganə milli hərbi hərbi hissənin yaradılması və döyüş yoluna ictimaiyyətin diqqətini cəlb etməkdir.

Kitabda verilən məlumatlara qısa nəzər salaq.

I Dünya müharibəsi illərində azərbaycanlılardan ibarət bir milli hərbi hissə yaradılmışdır. İmperiya dövründə azərbaycanlılara “Zaqafqaziya tatarları” deyildiyinə görə hərbi hissə “Tatar atlı alayı” adını almışdır. Müsəlmanlar hərbi xidmətə çağırılmırdılar; bu səbəbdən alay könüllülük prinsipi əsasında təşkil olunmuşdur. 1914-cü il iyulun 27-də imperator I Nikolay Qafqazın müsəlman könüllülərindən ibarət milli alayların yaradılmasına razılıq verdi. Tatar (Azərbaycan) alayı Yelizavetpolda (Gəncə) təşkil olunur, könüllülər bütün Azərbaycandan gəlirdi. Alayın tərtib olunması ilə süvari rotmistri Şahverdi xan Ziyadxanov məşğul olurdu.  Alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 atlı, 68 qeyrinizami çinlərdən ibarət idi. Alayın komandiri podpolkovnik P.Polovsov, onun köməkçiləri isə V.Staroselski və Ş.Ziyadxanov təyin olunmuşdular. Tanınmış şair və jurnalist Məhəmməd Hadi alay mollası vəzifəsində idi. Öz hesablarına paltar və ləvazimat almış milli burjuaziya, həmçinin mühəndis və maarifçi Fərrux bəy Vəzirov alayın yaradılmasında böyük rol oynamışlar.

Sərəncama əsasən alayın atlıları müsəlmanlar idi, lakin 22 zabitdən yalnız 8-10 nəfəri azərbaycanlı ola bilərdi; digər zabitlər rus və ya atlılardan fərqli millətlərin nümayəndələri olmalı idi. Tatar (azərbaycan) atlı alayında aşağıdakı azərbaycanlı zabitlər xidmət edirdilər: Şahverdi xan Ziyadxanov, Cəlal bəy Sultanov, İsrafil bəy Yadigarov, Cəmşid xan Naxçıvanski, Xudadad Xudaverdov, Aslan bəy Kubatiyev, Zülfüqar bəy Sultanov, Səlim bəy Sultanov, Əli-Murad bəy Vəzirov, Zeynal bəy Sadıxov. Azərbaycanlı zabitlər müsəlmanlardan ibarət digər  alaylarda da xidmət edirdilər: məsələn, İskəndər xan Naxçıvanski Çeçen atlı alayında, Kərim xan İrəvanski-Qabardin atlı alayında və s..

Alayda azərbaycanlılarla bərabər imperiyanın ən mötəbər zadəgan nəsillərinin nümayəndələri xidmət edirdilər: ruslar qraf N.Bobrinski, A.Bers (yazıçı Lev Tolstoyun qardaşı oğlu), A.Nemiroviç-Dançenko, knyaz M.Muravyev-Amurski, knyaz S.Baqration-Muxranski, gürcülər knyaz N.Qazbeqi, knyaz V.Amiloxvari, knyaz L.Maqalov, abxaz knyaz X.Şervaşidze, osetin M.Xoranov və hətta iki əcnəbi - Şarl Testenuar və Obrien de Lassi.

Tatar atlı alayı cəbhəyə yollanmazdan öncə atlılar azərbaycan dilində (sənədlərdə “azərbaycan-tatar dialekti”) “Andlı öhdəlik” adı ilə imperator və dövlətə sadiq olacaqlarına and içmişdir. Andiçmə mərasimi zamanı hər atlı “Andiçmə vərəqi”ndə imza atmışdır.

1914-cü il sentyabrın əvvəllərində Tatar (Azərbaycan) atlı alayı tam formalaşdırılmış və döyüş qabiliyyətinə görə “Vəhşi diviziya” adını almış Qafqaz yerli atlı diviziyanın tərkibinə qatılmışdır. Diviziyaya həmçinin Çeçen, 2-ci Dağıstan, Qabardin, İnquş, Çərçəz alayıları da daxil idi. Diviziyanın uniforması qafqaz kişi geyimləri əsasında tərtib olunmuşdur. Hər alayın çuxası, papaqları, köynəkləri və paqonların alayın rəngində idi. Tatar (Azərbaycan) atlı alayında çuxa, papaqlar, köynəklər qara rəngdə idi, qırmızı paqonlar üzərində sarı iplərlərlə “Tt” hərfləri tikilirdi.

Çarın kiçik qardaşı böyük knyaz Mixail Alekseyeviç diviziyanın komandiri təyin olunmuşdur.

Tatar (Azərbaycan) atlı alayı 1914-cü ilin noyabrından 1917-ci ilin iyulunadək diviziya tərkibində rus ordusunun Cənub-Qərb cəbhəsindəki irimiqyaslı əməliyyatlarında iştirak etmişdir. Tatar (Azərbaycan) atlı alayının döyüşçüləri çoxsaylı təltif nişanlarına layiq görülmüşlər. Alayın 6 zabiti Mq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur.  5 zabit Georqi silahı ilə təltif olunmuş, onlardan biri- Cəlal bəy Sultanov – ölümündən sonra. Georqi xaçının bütün 4 dərəcəsi ilə təltif olunanlar, yəni tam Georqi kavalerləri statusunu 6 atlı almışdır- Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehti İbrahimov, Ələkbər Hacıyev, Daso Daurov, Aleksandr Kaytukov. Osman ağa Gülməmmədov 3 Georgi xaçı və 3 Georqi medalına layiq görülmüşdür. Zeynal bəy Sadıxov 3 Georqi xaçı və bir Georqi medalını qazanmış, zabit rütbəsinə layiq görüləndən sonra isə 4 döyüş ordeni ilə təltif olunmuşdur.

Diviziyanın digər alaylarında xidmət edən azərbaycanlılar da fərqlənmişlər: Qabardin alayında – Həmid Ələsgərov, Mansur Əliyev, 2-ci Dağıstan alayında – Vəli bəy Yadigarov, Əli Hacıyev, Çeçen alayında – Məhəmməd Sadıxov, Cəbrayıl Şahtəmirov, İbrahim Səidov, Məhəmməd Əliyev, Çərçəz alayında – Mustafa Mərdov və başqaları. Şəxsi heyətdə verdiyi itkilərə görə Tatar (Azərbaycan) atlı alayı dörd dəfə  Azərbaycandan gələn könüllülərlə tamamlanmışdı.

Müharibənin sonunadək alay içdiyi anda sadiq qalmış və imperiya parçalananda cəbhədən geri çağırılmışdır. Rusiyadakı inqilab və vətəndaş müharibəsində iştirakdan imtina etmiş alay 1917-ci ilin payızında Qafqaza, Tiflisə gəldi. Sonralar o, Qafqaz İslam Ordusunun ən döyüşkən süvari hərbi hissəsi və Azərbaycan Ordusunun ilk hərbi hissəsi oldu.  

Elanlar