az
en
Bu gün: 30 May 2017
“Azərbaycanın neft salnaməsi” sərgisi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında “Azərbaycanın neft salnaməsi” sərgisi vacib yer tutur.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. “Azərbaycanın neft salnaməsi” sərgisində 600-dən artıq nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər nümayiş olunur.

Ekspozisiyanın quruluşunda xronoloji prinsip əsas götürülmüşdür.

Sərgidə qədim dövr və orta əsrlərdə Azərbaycanda neftin çıxarılması ilə bağlı məlumatlar verilir, eləcə də müvafiq tarixi eksponatlar, tarixi miniatürlər təqdim olunur.

XIX əsrin II yarısından neft hasilatı və emalındakı dəyişikliklər sərginin nadir eksponatları, eləcə də tarixi fotoşəkillər, iriölçülü installyasiyalar vasitəsilə tamaşaçılara təqdim olunur. XX əsrin əvvəllərində baş vermiş proseslərdə Azərbaycan neftinin rolu fotoşəkillər və sənədlər vasitəsilə əks olunmuşdur. Neftin çıxarılması, emalı, saxlanması, daşınması sahəsindəki texniki nailiyyətlər də burada öz əksini tapmışdır. Dolama çarx, tartay barbanı, jelonka kimi tarixi eksponatlar ilk dəfə olaraq tamaşaçılara nümayiş etdiriləcək.

XX əsrin 20-30-cu illərində neft sənayesinin bərpa olunması, milli neftçi alim kadrlarının fəaliyyəti, SSRİ iqtisadiyyatında Azərbaycan neftinin oynadığı rol sərgidə tamaşaçılara təqdim olunur. II Dünya müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin rolu danılmazdır və sərgidə müvafiq foto və sənədlərlə nümayiş olunur. 40-60-cı illərdə Azərbaycanda neft sənayesi yenidən qurulmuşdur. “Neft Daşları” unikal dəniz şəhərinin yaradılması yenidənqurma proseslərinə təkan verdi. Dənizdə ilk buruqların qurulması, Neft Daşlarının yaradılması istər sovet, istərsə də müxtəlif xarici  mətbuat vasitələrində əks olunmuşdur.

60-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafı ilk növbədə respublikanın o zamankı lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qayğısı nəticəsində neft sənayemizə göstərilən diqqət artmış, neftçilərimiz yeni-yeni uğurlar əldə etmişlər. Sərgidə nümayiş olunan müvafiq eksponatlar, sənədlər, fotoşəkillər XX əsrin 60-80-ci illər ərzində Azərbaycan neft sənayesinin keçdiyi şərəfli yolu əyani olaraq nümayiş etdirir.

Müstəqillik illərində Azərbaycanda bir sıra əhəmiyyətli neft layihələri həyata keçirilmişdir. Onlar sırasında “Əsrin müqaviləsi” təkcə Azərbaycan deyil, dünya miqyasında köklü dəyişikliklərə səbəb olmuşdur. Azərbaycan Respublika Dövlət Neft Şirkəti, Azərbaycanda fəaliyyət göstərməyə başlamış xarici şirkətlərlə bağlı sənədlər, fotoşəkillər, xüsusi geyim və alətlər sərgidə nümayiş olunaraq neftimizin bu şanlı səhifəsini əyani olaraq göstərir.

Sərginin maraqlı xüsusiyyətlərindən biri burada Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyanın nümayiş etdirilməsidir.

Sərgi 16 sentyabr 2014 – 15 yanvar 2015-ci il tarixlərində fəaliyyət göstərəcək. 

Sərgiyə giriş pulsuzdur. 

 

Elanlar